Teleqraf.com Nurlana Məmmədovanın şəhid qəhrəman Elmir Umudlunun əziz xatirəsinə həsr etdiyi yazını təqdim edir.
Bəzən birisi umudla bizdən nəsə istəyəndə verə bilməsək də, bir müddət sonra unuduruq (ancaq o unutmur). Bəzən isə əksinə, kimsə bizdən nəsə istəyir , sonra heç bunu özü xatırlamır, bəlkə də. Ancaq onun bu istəyi ömürlük dağ kimi ürəyimizdə qalır...
Həmin gün cəbhədən çox ailənin evinə gələn o qüssəli xəbər kirimişcə dağın ətəyində yerləşən boz darvazalı evə də girdi. Şəhidin cənazəsindən öncə acı xəbəri gəldi. Ana inanmırdı. Gözləri ilə görməsə, hansı ana inanar ki?! Bu sadəcə xəbər idi, axı oğlu yoxdur... Oğlu: "Tez gələcəm, ana, lap az qalıb..." , - demişdi.
İndi ana inanmırdı bu qara xəbərə. "Səhv gəlib mənim oğlumun adı komissarlığa, " - fikirləşirdi... Oğlum hardadısa, bu dəqiqə zəng edəcək... "
Məhləyə adamlar doluşurdu. Ana umudsuz gözlərlə gələnlərə baxıb təlaşlanırdı, ürəyi köksündə quş kimi çırpınırdı. Adamlar qara paltarda gəlirdilər axı. O isə artırmada dayanıb kədərli gözlərlə ona baxanlara deyirdi:
-Balam sağdı, gəlməyib, siz niyə qara geyib gəlmisiz? Hanı? Tabutu da gəlməyib, meyit də tapılmayıb... - umudla deyirdi.
Onu eyvandakı divanda oturan görüb qucaqladım, o isə məni lap bərk qucaqladı , sanki gözlədiyi əsas xəbəri mən gətirmişdim.
- De ki, sağdı, yalandı, qurban olum, de ki, yaralıdı... yaralıdı de... şikəstdi de... bircə ölüb demə...
O məndən cavab gözləyirdi, yalvarırdı bir zərrə umud üçün... Məndən ilk dəfə bir şey istəyirdi o ana... İlk dəfə... Sonralar, bəlkə də, o bunu xatırlamayacaqdı, öz dərdilə başbaşa qalacaqdı və hər günbatımında ağlayacaqdı... Mən isə bir başqa ağlayacaqdım, ona içində bir zərrə umud olan xəbəri çatdıra bilmədiyim üçün...
Umudlu Elmir, yerin cənnət olsun! Sonda sən gəldin, sinənə qonmuş ay və ulduzla birgə gəldin. Mən sənin umudlu xəbərini anana çatdırammadım. Amma Sən bu vətənin Umudu oldun...
Nurlana Məmmədova "Nur Uşıq" imzasıyla çap olunan uşaq nağıllarının müəllifidi. "Mücrü", " Ulduz" jurnallarında hekayələri çap olunub. Azərbaycan dili və ədəbiyyatı müəllimidir.