Qəbələ şəhəri, P.Osmanov adına məktəbdə keçirilən “Mənim arzularım” adlı inşa müsabiqəsinin qalibləri müəyyənləşib. Prezident yanında Bilik Fondunun təşəbbüsü ilə keçirilən müsabiqə iki həftə davam edib, müsabiqədə 6-cı sinifdən 11-ci sinfə qədər şagirdlər iştirak ediblər.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, bu müddət ərzində şagirdlər Bilik Fondunun elektron ünvanına 50-dən çox inşa göndəriblər. Qaliblər isə Bilik Fondunun mühazirəçisi Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, “Space” televiziyasının redaktoru Nüşabə Hüseynlinin məktəbə növbəti səfəri zamanı keçirilən tədbirdə elan edilib. İştirakçıların hər birinin inşası barədə ayrıca danışan, onların fikirlərinə öz münasibətini bildirən Nüşabə xanım qaliblərin adını açıqlayıb, onlara fondun hədiyyəsini təqdim edib. 15 nəfər isə fondun həvəsləndirici mükafatına layiq görülüb.
I yer – 10c sinif şagirdi Xəzanə Mustafazadə (gələcək peşəsinin incəliklərini gözəl ifadə etdiyinə görə);
II yer – 10b sinif şagirdləri Özcan Ədilov və Orxan Musayev (vətənpərvərlik və vahid Azərbaycanla bağlı arzularına görə);
III yer – 8c sinfinin şagirdi Narınc Ağammədova (Qarabağımızla bağlı gözəl düşüncələrinə görə).
Tədbirin sonunda müsabiqə iştirakçıları məktəbdə “Bilik” qrupu yaradılmasını təklif ediblər. Qrupun rəhbəri də şagirdlərin öz seçimi əsasında inşa müsabiqəsinin qalibi Xəzanə Mustafazadə olub. Nüşabə xanım “Bilik” qrupuna ilk tapşırığını da verib. Lektor aşağı siniflərə S.S.Axundovun “Qorxulu nağıllar”, yuxarı siniflərə isə C. Məmmədquluzadənin “Anamın kitabı”, əsərlərini oxumağı və müzakirəsini təşkil etməyi tövsiyə edib. “Bilik” qrupunun rəhbəri Xəzanə Mustafazadə N.Hüseynlinin bölgəyə növbəti səfərində bu əsərlərin müzakirəsini təşkil edəcəklərini deyib.
Qeyd edək ki, müsabiqə sentyabrın 15-də Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində Nüşabə Hüseynlinin Qəbələdə mühazirəsi zamanı elan edilib.
Bilik Fondunun bu bölgə üzrə lektoru Nüşabə Hüseynli müəllimlər və şagirdlər qarşısında “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə demişdi.