Bu gündən Azərbaycanda bütün ölkə üzrə kafe, restoran və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb.
Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Qeyd edək ki, bu gündən Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.