21 Oktyabr 2014 11:25
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni texnologiyalar və aralıq əkinlərin tətbiqi” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev taxılçılığın kənd təsərrüfatı sektorunun strateji sahələrindən biri olaraq ölkənin ərzaq təhlükəsizliyinin təminatında rolu, kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinin əldə olunmasında yeni texnologiyaların üstünlükləri, taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasının yüksək və keyfiyyətli məhsulun formalaşmasına təsiri və digər məsələlərə toxunub.

Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini İmran Cümşüdov “Taxılçılıqda yeni texnologiyaların tətbiqinə və vahid əkin sahəsindən ikinci məhsulun alınması” haqqında tədbir iştirakçılarına geniş və əhatəli məlumat verib. O həmçinin qeyd edib ki, iqlim dəyişmələri fonunda yeni mütərəqqi resursmühafizəedici texnologiyaların tətbiqi 2-ci məhsulun əldə olunmasına, enerji resurslarına qənaət edilməsinə, istehsalın aparılmasına, torpaq resurslarının qorunması və münbitliyinin bərpası və saxlanılmasına səbəb olur. İ.Cümşüdov bildirib ki, Azərbaycanın aran bölgəsinin suvarma şəraitində sıfır və minimal torpaq becərməsi üsulu ilə ildə iki məhsul almaqla 1,5-2 milyon ton əlavə dən məhsulu istehsal etmək mümkündür.

İmran Cümşüdov Kənd Təsərrüfatı naziri Heydər Əsədovun tapşırığı əsasında yeni texnologiyaların tətbiqi üçün ilkin mərhələdə ən müasir formada olan 6 ədəd tirəli və 1 ədəd sıfir becərmə üsulu ilə toxum səpən maşınlar Aqrolizinq ASC xətti ilə ölkəyə gətirildiyini deyib. Bu yeni texnikalardan almaq istəyən fermer və iş adamları Aqrolizinq ASC -ə müraciət edərək ətraflı məlumat ala bilərlər. Bu texnologiyalarla digər avadanlıqların da gələcəkdə respublikaya gətirilməsi KTN tərəfindən nəzərdə tutulur. Tədbirdə cari təsərrüfat ilində stansiyada arpa biçildikdən dərhal sonra ikinci məhsul üçün heç bir şum aparılmadan sıfır becərmə tətbiq edilmiş qarğıdalı, günəbaxan və darı bitkilərinin əkin sahələri tədbir iştirakçılarına nümayiş etdirilib. Bildirilib ki, ikinci məhsul üçün yeni texnologiyaların tətbiqi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca vacibdir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər