AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun kiçik elmi işçi Hüseyn Rəsulzadə tərəfindən Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növü – Üçbarmaq qağayı aşkar edilib.
Üçbarmaq qağayı Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur. 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub, digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır. Quşun qidasına başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar daxildir, ovunu suya baş vuraraq əldə edir.
Yeni aşkarlanan Üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Hüseyn Rəsulzadə apardığı tədqiqatlar nəticəsində bu ilin fevral ayında daha bir yeni quş növünü – Bozumtul çalağanı aşkar etmişdi.