“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlər qəhrəman əsgərlərimizə şəkərsiz sağlam şirniyyatlar və digər məhsullardan ibarət sovqat göndəriblər.
Teleqraf.com-un məlumatına görə, şagirdlər həmçinin əsgərlərimizə öz ürək sözlərini yazıblar. Hərbçilərimiz şagirdlərin məktublarını maraqla qarşılayıblar.
Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib.