Dünyaya meydan oxuyan, heç kimə acımayan, xüsusilə ağciyərlərində problem olan, əvvəllər ürək əməliyyatı keçirmiş şəxslər üçün daha təhlükəli sayılan koronavirus infeksiyası hər gün neçə-neçə can almaqdadır.
Teleqraf.com xəbər verir ki, bütün həyatını pedaqoji fəaliyyətə həsr etmiş Ucar şəhər 1 saylı orta məktəbin müəllimi Məsimə Əliyeva koronavirus bəlasının növbəti qurbanlarından olub.
Yaxınlarının bildirdiyinə görə, Məsimə Əliyeva yanaşı xəstəliklərdən də əziyyət çəkirmiş. O, bir neçə il əvvəl açıq ürək əməliyyatı, daha sonra ayaq və göz əməliyyatı keçirmişdi. Amma problemlərdən göstərdiyi qətiyyət və əzm sayəsində qurtulmuşdu.
“Həm də şəkərli diabet xəstəliyinin olması onu risk qrupunda birinci edirdi. Ağır cərrahi əməliyyatlardan sonra içdiyi ovuc-ovuc dərmanların bir gün onun axırına çıxacağını deyirdi. Qorxusu böyrək çatışmazlığı probleminə yaxalanmaq idi. Ancaq amansız koronavirus ona heç fikirləşməyə belə aman vermədi”, – deyə təcrübəli pedaqoqun yaxınları bildiriblər.
Ucarda hamı onu öz peşəsini dərindən sevən müəllim, hər kəsə yaxşılıq etməyi, xüsusilə aztəminatlı insanlara həmişə əl tutmağı özünə borc bilən xeyirxah, oruc tutub-namaz qılan mömin xanım olaraq tanıyırdı.
Bu günlərdə Məsimə Əliyevanın yaxınları yanaşı xəstəlikləri olması səbəbindən onun evdən çıxmasına mane olmağa çalışsalar da buna nail ola bilməyiblər. Rayonun tanınmış müəllimi Vətən Müharibəsi dövründə Ucardan olan bütün şəhidlərin ailələrini ziyarət edib, onların valideynlərinə başsağlığı verib.
Rayon təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Məsimə müəllimənin şagirdləri bu gün ölkədə müxtəlif sahələr üzrə dövlətçiliyə töhfə verirlər.
Allah rəhmət eləsin!