21:57
Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı sabah.az-a açıqlama verən Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib:
“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”.
Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.
Məsələyə Ramiz Rövşənin Türkiyədə yaşayan və Səlcuq Universitetində dərs deyən oğlu Rövşən Əliyev də münasibət bildirib.
Teleqraf.com Rövşən Əliyevin sosial şəbəkədə yazdığı statusu təqdim edir:
"Baxıram çox dostlar məni ev hədiyyə olunması ilə bağlı statuslara münasibət bildirməyə dəvət ediblər. Əslində, Ramiz Rövşən özü bu gün münasibət bildirib. Əlavə olaraq yazım ki, bir neçə gün bundan qabaq Ramiz Rövşən ehtiyacı olan bir şəhid ailəsinin evlə təmin olunması üçün dövlətə müraciət edib. Ailə də çox qısa zamanda evlə təmin olunacaq.
Amma bu məsələ özünü reklam etmək məsələsi olmadığına görə ictimailəşdirilməsini uyğun bilməmişdi. Bu gün isə ehtimal ki, bəzi adamlar haradansa məsələni ucundan-qulağından eşidib və "Ramiz Rövşən ona hədiyyə olunan evi hədiyyə etdi" kimi statuslar yazıblar".