Dekabrın iki ongünlüyü artıq geridə qalıb. Bundan sonra günlər uzanmağa, gecələr isə qısalmağa doğru gedəcək.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Teleqraf.com-a bildirib ki, ötən illərdəki dekabr ayları arasında builki dekabr havasına görə ən qeyri-sabit və dəyişkən aylardan biri hesab oluna bilər. Orta temperatur normaya yaxın olsa da, nəzərəçarpaçaq tərəddüd amplitudası qeydə alınıb. Belə ki, bu ayın 20 günündən 11-ində havanın temperaturu normanı 2° ötüb, 6 gün isə orta iqlim göstəricilərindən 3° aşağı olub.
“Çoxillik göstəricilərə görə əksər rayonlarda yağıntılı günlərin sayı 6-9 günədək, Quba-Şamaxı və Lənkəran – Astara zonalarında isə 11-13 günədək olub.
Bu il yağıntıların miqdarı ölkə ərazisi üzrə qeyri-bərabər paylanıb. Lakin bəzi regionlarda müəyyən günlərdə kifayət qədər intensiv olub ki, bu da sanki təbiətin yay dövründəki defisitini örtmək üçün cəhdidir.
Beləliklə, paytaxtda yağıntılı günlərin sayı 15 gün (demək olar ki, normadan 2 dəfə artıq), iki dekadalıq yağıntının miqdarı isə aylıq normanın 110 faizini təşkil edib.
Gəncə-Qazax və və Quba zonalarında 20 günün 15-də yağıntılar müşahidə edilib ki, bu da aylıq normanın 107 faizini təşkil edib. Balakən-Şəki zonasında hava şəraiti 17 gün yağıntılı olmaqla aylıq normanın 166, Mərkəzi Aran zonasında 15 gün yağıntı olmaqla, miqdarı Tərtər rayonunda aylıq normanın 95, Beyləqan rayonunda isə 135 faizini təşkil edib.
Ölkənin dağlıq rayonlarında 11 gün ərzində qar müşahidə edilib ki, bunun da qalınlığı Ləzədə 25, Qrızda (Quba rayonu) 13, Kişçayda (Şəki) və Daşkəsəndə 12, Şahdağda 11, Lerikdə 10, Gədəbəy və Yardımlıda 9 santimetr olub.
Ümumiyyətlə isə göründüyü kimi, meteomüşahidələrin də məlumatına görə qış ayları yumşaq keçir. Lakin son onilliklərə nəzər salanda görürük ki, 2002-ci ilin dekabr ayı meteomüşahidə tarixinin ən soyuq ayı kimi qeydə alınıb. Bu, Skandinaviyadan dəfələrlə güclü soyuq arktik hava kütləsinin daxil olması ilə izah edilir. Həmin dövrdə hətta Bakıda havanın temperaturu 18 gün ərzində 0°-dən aşağı olmuş, Abşeron yarımadasında qarın qalınlığı yarım metrə çatmışdı. Havanın temperaturu isə aylıq normadan 5,6° düşmüşdü. Məlumat üçün qeyd edək ki, bir ildən sonra - 2003-cü ilin müvafiq dövründə əksinə hadisə baş verərək havanın temperaturu müsbət 23°-ni göstərmişdi. Belə anormal halların baş verməsi iqlim dəyişmələrinin təzahürü kimi qəbul edilməlidir.
Elə bu il Rusiyanın cənubunda, o cümlədən Həştərxan vilayətində müşahidə olunan anomal şaxtalar nəticəsində Xəzər dənizinin şimal hissəsində əvvəlki illərdən fərqli olaraq daha qalın buz qatları yaranıb.
Bu həftənin havasının ümumi tendensiyası ilə bağlı onu demək olar ki, qarşıdan gələn günlər də əsasən qeyri-stabilliyi ilə seçiləcək. Ölkə ərazisindən keçən atmosfer cəbhəsi ilə əlaqədar dekabrın 23-dən 26-dək bəzi yerlərdə intensiv yağıntı, dağlıq ərazilərdə isə qarın olması proqnozlaşdırılır. Bu proses dekabrın 24-25-də şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olması, bəzi hallarda isə 23 metrədək güclənməsi ilə müşahidə olunacaq”.