Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimova dəfn edilib.
Teleqraf.com xəbər verir ki, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Səfurə İbrahimova dekabrın 21-də 82 yaşında vəfat edib.
Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda dünyaya göz açıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda təhsil alarkən Akademik Dram Teatrında İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib.
Bundan sonra səhnədə daha bir neçə obraz yaradan tələbə-aktrisa 1961-ci ilin noyabrında teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda çalışıb.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Jasmin (“Knyaz”, H.Cavid), Gülnar, Tamara (“Vaqif”, S.Vurğun), Zəhrabəyim, Nazlı (“Anamın kitabı”, “Ölülər”, C.Məmmədquluzadə), Ofeliya (“Hamlet”, V.Şekspir), Saşa (“Canlı meyit”, L.Tolstoy), Sevil (“Sevil”, C.Cabbarlı), Roza, İnci, Qumral, Kamilə (“Küləklər”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Toy”, S.Rəhman), Daduno (“Darıxma, ana”, N.Dumbadze), Fernando (“Dəlilər”, Lope de Veqa), Balaxanım (“Adamın adamı”, Anar) və digər obrazları özünəməxsus ifa manerası ilə seçilib, səhnə sənətimizi zənginləşdirib.
Aktrisa "Arşın mal alan", “Alma almaya bənzər”, “Tütək səsi”, "Dərviş Parisi partladır", "Bizim Cəbiş müəllim", "Qayınana", “O qızı tapın” və digər bədii filmlərdə yaratdığı yaddaqalan rollarla tamaşaçıların rəğbətini qazanıb.
1984-cü ildə Azərbaycan SSR-in Dövlət mükafatına, 2002-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.