Artıq “Elektron hökumət” portalı ilə əməkdaşlıq sayəsində “Unibank” Kommersiya Bankı ASC (Unibank) kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, müqavilə MHM və “Unibank” arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.
Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək.
Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq.
Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunacaq.
Gələcəkdə daha çox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub. İyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə indiyədək 6710 dəfə müraciət olunub.
İLHAMƏ