Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın işğaldan azad olunmuş rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə onlayn müşavirəsi keçirilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Şuradan məlumat verilib.
Şuranın məsul katibi İlqar Orucov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən rayonlarımızın azad olunması münasibətilə görüşdə iştirak edən rayonların təhsil şöbələrinin rəhbərlərini və təhsil ictimaiyyətini təbrik edib. O, bölgənin təhsil infrastrukturunun yenidən qurulması və təhsilin inkişaf etdirilməsinin qarşıya hədəf qoyulduğunu diqqətə çatdırıb.
İctimai Şuranın sədri Şahlar Əsgərov təhsil şöbələrinin qarşısında duran əsas problemlərin müzakirəsi məqsədilə keçirilən müşavirədə Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsində təhsilin yenidən qurulması üçün yerlərdən təkliflər gözlədiklərini bildirib.
Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov müşavirədə nazirliyin ümumi məqsəd naminə bütün təkliflərə açıq olduğunu qeyd edib. Bildirib ki, artıq qayıdış strategiyası üzərində iş gedir və statistik məlumatlar toplanılaraq təhlil edilir.
Rayon təhsil şöbələrinin müdirləri Təvəkkül Əliyev (Şuşa), Mətanət Misirxanova (Ağdam), Ramella Məmmədova (Fizuli), Fazil Zeynalov (Kəlbəcər), Nicat Həsənov (Laçın), Fuad Bədəlov (Qubadlı), Ümidvar Mənsimov (Xocavənd), Zamiq Qurbanov (Cəbrayıl), Kənan İmaməliyev (Zəngilan) qayıdışla əlaqədar narahatlıq doğuran problemlər barədə məlumat verib və konkret təkliflər irəli sürüblər.
İctimai Şuranın sədr müavini Nadir İsrafilov, üzvləri - Milli Məclisin deputatı Etibar Əliyev, Əməkdar müəllim Asif Cahangirov, Mirzə Cəfərzadə, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, professor Mayis Əliyev Qarabağ bölgəsində təhsilin yenidən qurulması işinə şuranın dəstəyi barədə fikirlərini bildiriblər.
Sonda təkliflərin dekabrın 30-dək ümumiləşdirilərək təhsil nazirinə təqdim edilməsi qərara alınıb.