29 Dekabr 2020 17:33
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il sentyabrın 27-sində Azərbaycanın müzəffər ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatına başladı. 44 gün ərzində qəhrəman ordumuz öz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Cəsur döyüşçülərimiz Vətən yolunda öz canından keçdi, müqəddəs Şəhidlik zirvəsinə ucaldı. Eyni zamanda, yüzlərlə Azərbaycan övladı yaralandı və xalqın fəxrinə çevrildi. Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini canla-başla yerinə yetirib müqəddəs Zəfər Gününü Azərbaycan xalqına yaşatdılar.

44 günlük müharibədə bütün Azərbaycan xalqı öz döyüşən əsgərini unutmadı, onun arxasında dağ kimi dayandı. Ali Baş Komandanın hər dəfə çıxışını dinlədikdən sonra sevinib, şəhid xəbərləri ilə üzülən bu xalqın körpəsindən qocasına qədər hər biri qəhrəmandır.

Belə möhtəşəm, tarixi Qələbəni “Tarixi şəxsiyyətlər” jurnalı dekabr sayında ətraflı şəkildə işıqlandırıb. Bu tarixi Qələbənin memarı olan Prezident İlham Əliyevi dünya liderləri arasından “İlin adamı” seçib və bu Qələbəyə həsr olunmuş jurnal bu günlərdə çapdan çıxıb.

Jurnalda ölkə başçısının xalqa müraciətləri ardıcıllıqla öz əksini tapıb, 44 günlük müharibənin xronoloji ardıcıllığını verilib. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti əsasında söylədiyi “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”, “İti qovan kimi qovduq onları! Qaçırlar, hələ qaçacaqlar!”, “Biz tarixi ədaləti bərpa edirik! Bu vətən müharibəsidir”, “Azərbaycan xalqının səbri ilə oynamasınlar”, “Düşmən bizim qarşımızda acizdir”, “Qarabağ Azərbaycandır!” - dilimizdə əzbər olan bu cümlələr başlıqlarda yer alıb.

“Tarixi şəxsiyyətlər” jurnalının yaradıcı heyəti, baş redaktor Xəlil Qarəhmədovun səyi nəticəsində xüsusi buraxılış hazırlanıb. Kollektiv jurnalın bu sayını Böyük Zəfərimizə və bu Zəfərin memarı Ali Baş Komandan cənab İlham Əliyevə həsr etməyi özünə borc bilib.

Günay Nəriman


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər