MDB PAA DİMBİ Bakı filialı tələbə-gənclər arasında keçirilmiş“Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiadanın qaliblərini mükafatlandırıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 22-də MDB PAA DİMBİ Bakı filialı Azərbaycanın ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiada keçirib.
İnternet-olimpiadanın keçirilməsində məqsəd aktiv seçki hüququna malik gənc seçicilərin hüquq mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət olub.
Olimpiadada Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak edib.
İştirakçıların cavablarının qiymətləndirilməsi nəticələrinə əsasən Bakı Dövlət Universitetinin tələbəsi Tağıyeva Nərgiz Yaşar qızı birinci yeri, Qərbi Kaspi Universitetinin tələbəsi Kazımzadə Kamran İlqar oğlu ikinci yerin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Məmmədli Ərsalam Cavid oğlu və Qərbi Kaspi Universitetinin tələbəsi Magomedova Aida Ali qızı üçüncü yeri tutub.
Dekabrın 30-da MDB PAA DİMBİ Bakı filialında qaliblərlə görüş keçirilib, birinci, ikinci və üçüncü yerin qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunub.