“Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Avropanın Fəxri Elm və Mədəniyyət Xadimi, Əməkdar müəllim, texniki elmləri doktoru, professor Elçin İsgəndərzadə ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən Beynəlxalq Nailiyyətləri Araşdırma Mərkəzi (IARC) tərəfindən “İlin Alimləri – 2020” beynəlxalq müsabiqəsində iştirak edərək, “Mühəndislik və Texnologiyalar” kateqoriyasında “Mexanika mühəndisliyi, Metrologiya və Aqromühəndislik” elm sahələri üzrə qazandığı beynəlxalq uğurlara görə qalib elan edilib və ona “İlin Alimi 2020” beynəlxalq tanıtma nişanlı sertifikat verilib.
Teleqraf.com-un məlumatına görə, həmçinin təşkilatın rəsmi saytında görkəmli professor Elçin İsgəndərzadənin uğurlarını əks etdirən xüsusi səhifə yaradılıb. (https://achievementscenter.com/Elchin-Isgandarzada)
Elçin İsgəndərzadə 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub.
1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi Qızıl medalla bitirib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə Təhsil Naziri tərəfindən «Ən yaxşı tələbə elmi işi üçün» medalı ilə təltif olunub.
1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində «Maşın və mexanizmlər nəzəriyyəsi» ixtisası üzrə aspiranturada təhsil alıb. Texnika elmləri doktoru, professordur. 2011-ci ildə “Avropanın Fəxri İxtiraçısı” adına və Qızıl Medalına layiq görülüb. 2012-ci ildə “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi” fəxri adı ilə təltif olunub.
2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin poeziya üzrə “Qızıl Kəlmə” Dövlət mükafatına layiq görülüb. 2013-cü ildən indiyədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident təqaüdünə layiq görülüb. 2014-cü ildə "Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi" Fəxri adına və medalına layiq görülüb. 2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı və nişanına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adı ilə təltif edilmişdir.
2009-cu ildən Avropa Təbiət Elmləri Akademiyasının (Hanover, Almaniya) Türkdilli ölkələr Şöbəsinin rəhbəridir.
Avropa Təbiət Elmləri Akademiyasının (Almaniya), İtaliya Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna), Vatikan Bonefisiana Beynəlxalq Elmlər Akademiyasının, Təbriz Dil və Kültür Akademiyasının (İran), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Türkiyə), “Qafqaz Xalqları” Beynəlxalq Elmlər Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının (Gürcüstan), Avropa Mədəniyyət Akademiyasının (Bolqarıstan), Rusiya Metrologiya Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) həqiqi (akademik) üzvü seçilib.
Dünyanın müxtəlif ölkələrində keçirilmiş 100-dək beynəlxalq və respublika miqyaslı elmi qurultay, konqres, simpozium və konfransların təşkilatçısı və iştirakçısı olub. Bədii yaradıcılıqla məşğul olur. 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Azərbaycan yazıçılarının X, XI, XII qurultaylarının nümayəndəsi olub. 2010-cu ildə Türk Dünyasında ilk dəfə Dünya Böyük Şeir Mükafatına (The World Grand Prize for Poetry) layiq görülüb.
2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.
Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), “Roma şəhərinin fəxri alimi” medalı (İtalya) və digər orden və medallar ilə təltif olunub.
300-dən çox elmi əsərin, 59 ixtiranın, 32 monoqrafiya və dərs vəsaitinin, 125 bədii və elmi kitabın, 130 çevirmə kitabının müəllifidir.
ABŞ, Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.