22 Oktyabr 2014 14:37
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Kürdəmirdə Tofiq Ismayilov adına 1 saylı tam orta məktəbdə və Famil Həşimov adına 3 saylı tam orta məktəbdə “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin təqdimat mərasimi keçirilib. Layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.

Prezident yanında Gənclər Fondundan Teleqraf.com-a bu barədə xəbər verilib. Xəbərdə bildirilir ki, AMEA-nın elmi müəssisələrinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələrinin o cümlədən sözügedən məktəblərin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən layihənin rəhbəri İKT mütəxəssisi Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib.

Bildirib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya təlabatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycanın informasiya resurslarının internetdə çoxalması və ölkənin maraqlarının internet layihələri sırasında bu gün ən populyar və nəhəng layihələr olan sosial şəbəkələrdə qorunması biz gənclərin üzərinə düşən mühüm vəzifədir.

Tədbirdə vurğulanıb ki, məktəblilərin sosial şəbəkələrdən səmərəli istifadə etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması, internet məkanında müxtəlif layihələrdə fəaliyyət göstərən gənclərin mütəşəkkil fəaliyyəti, Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə, ilk növbədə gənc nəsilə çatdırması, internetin ən populyar layihələri ilə işləmək üçün məlumatların hazırlanması və sosial şəbəkələr vasitəsilə yayılması sözügedən layihənin məqsəd və vəzifələrindən irəli gəlir. Layihə çərçivəsində gənclərin internet məkanında problemləri ilə bağlı araşdırmaların aparılması, həmçinin multimedia vasitələrinin internetin açıq layihələrinə yerləşdirilməsi ilə əlaqədar seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov, Nazirlər Kabineti Yanında Dövlət Neft Fondunun layihələri üzrə mütəxəssis Rövşən Məmmədov, "Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi" ictimai birliyinin sədri Hüseyn Hüseynov və digərləri çıxış edərək Gənclər Fondu tərəfindən dəstəklənən bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini, informasiya cəmiyyəti qruculuğuna ciddi təkan verəcəyini və bu istiqamətdə görüləcək işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.

Layihə məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb. Layihənin onlar üçün faydalı olacağını söyləyən şagirdlər bu layihədə böyük həvəslə iştirak edəcəklərini diqqətə çatdırıblar.

Sonda layihə çərçivəsində görüləcək işlər, onun məqsədinə nail olmaq üçün müəyyən edilmiş vəzifələrin icrası və gözlənilən nəticələr müzakirə edilib.

Qeyd edək ki, oktaybr ayından start verilmiş layihə bir ay müddətində davam edəcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər