22 Oktyabr 2014 15:47
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə məsul nazirlərinin V Konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda 56 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Malayziya, Türkiyə, İndoneziya, İran və s. ölkədən olan nazirlər və ekspertlərin də qatıldığı 220-dən artıq nümayəndə iştirak edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən bəhs edib.

Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Xan Mühammad Naeem, Konfransda BMT Baş katibinin köməkçisi və BMT Qadınlar təşkilatının icraçı direktorunun müavini Lakshmi Puri və BMT Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen cəmiyyətin inkişafında qadınların rolu, onların hüquqlarının müdafiəsi istiqamətində görüləcək işlər barəsində məruzə ediblər.

Konfransın ikinci günündə qadınların səlahiyyətləndirilməsi, yoxsulluğun aradan qaldırılması, cəmiyyətdə qadınlar üçün bərabər imkanların təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə də daxil olmaqla bütün ayrı-seçkilik formalarının aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində Qadın məsələləri üzrə məsul nazirlərin üzv ölkələrdə qadınların statusu ilə bağlı sənəd imzalanıb.

Tədbirin sonunda “Bakı bəyannamə”si qəbul edilib.

Həmçinin İordaniya Haşimilər Krallığının müvafiq nazirliyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qarşılıqlı Anlaşma memorandumu imzalanıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər