“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndələrinin Gəncəyə iki günlük səfər çərçivəsində şəhid ailələri ilə görüş keçirilib.
Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin Publika.az-a verdiyi məlumata görə, görüşdə qeyd olunub ki, müharibədə qazandığımız qələbədə Azərbaycan ordusunun əsgər və zabitlərinin, qazilərimizin, şəhidlərimizin rəşadəti, şücaəti, müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç bir zaman unudulmayacaq və gələcək nəsillərimiz üçün örnək təşkil edəcək. Dövlətimiz və xalqımız hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacaq. Təbii ki, şəhid ailələri də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Bizim Birliyimizin yaradılmasında əsas hədəflərdən biri də sosial dövlət olan Azərbaycanın Respublikasının Ali rəhbərliyinin bu kimi addımlarını dəstəkləməkdir.
“İMZA”çıların Gəncə səfərində ən maraqlı görüşlərindən biri qardaş Türkiyənin ikinci ən böyük şəhərimizdəki Baş konsulu Zəki Öztürk ilə keçirildi. İctimai Birliyin sədri Xəyyam Əsgərov qəbula görə diplomata təşəkkür etdi. Birliyin yaradılmasının məqsədləri, gördüyü işlər, gələcək planları haqqında danışdı. Dedi ki, gələcək planlarımızda beynəlxaq əməkdaşlıq xüsusi yer tutur. Qardaş Türkiyə Respublikası ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi, ortaq layihələrin həyata keçirilməsi Birliyin qarşısında dayanan əsas hədəflərin və məqsədlərin ən mühümlərindən biridir. Bu istiqamətdə artıq ilkin addımlar atılıb. Zəki Öztürk isə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibədə qalib gələn Azərbaycanın vətən müharibəsinin nəticələrinə əsasən yaratdığı yeni reallıqlar regionun, bölgə xalqlarının və hətta dünyanın gələcəyi üçün əhəmiyyətli hadisədir. Bu mənada bu kimi gerçəkliklərin dünyada təbliğini qarşısına hədəflərindən biri kimi qoymuş Birliyin yaradılması olduqca əhəmiyyətli qərardır. Diplomat “İMZA”nın Türkiyə ilə əməkdaşlığına hər cür dəstək verməyə hazır olduğunu da söyləyib. Görüşdə gələcək əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılıb.