Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.
Bu barədə Teleqraf.com-a dövlət komitəsindən məlumat verilib.
Layihə çərçivəsində Goranboy və Ağdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilib, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.
Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılıb. Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilmiş, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.
Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.
Qeyd edək ki, müharibə dövründə də Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri müvəqqəti sığınacaqlara yerləşdirilən ailələrlə qeyd olunan istiqamətlərdə iş aparıblar.