Onun həyatında əvvəllər baş vermiş bütün hadisələr bundan sonra şəhidliyin təfərrüatı kimi qəbul olunacaq. Elə ona görə ömrünün müxtəlif dönəmlərindən asta-asta, aramla, sanki ehtiyatla üzübəri, müqəddəs bir məqama – şəhidlik qapısına doğru gəlirik...
44 gün çəkən İkinci Qarabağ müharibəsində 44 yaşının tamamına 4 ay qala şəhid olmuş leytenant Tərlan Atakişiyevin evində atası Dərgah kişi, anası Həqiqət xanımla üz-üzə oturmuşuq. Daha bir 4 rəqəmi ortaya çıxacaq. Tərlanın həlak olduğu tarix: 24 oktyabr 2020-ci il. Şəhidlər nişan qoyulmuş adamlardı.
Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, natamam orta məktəbi başa vurandan sonra ailə Bakıya köçür, Tərlan orta təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Orta məktəbi bitirib, Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Səneyi Universitetinə) daxil olur. Arada 1 il möhlət götürür, Almaniyada yaşamaq istəyir, amma yenidən geri dönür.
Bu detal Tərlanın həyatında iki iz buraxır: uzun müddət Rusiyada yaşamış atasının təkidlərinə baxmayaraq daha heç vaxt Azərbaycandan kənara getməyəcəyini qət edir, bir də ali məktəbdə iki qrupda oxuduğu üçün əlavə dostlar qazanır.
Ali təhsil alarkən hərbi kafedranı bitirmiş Tərlan leytenant kimi hərbi xidmətə yollanır. Bax o illərdə istəyir həyatını hərbə bağlasın, amma bu arzusu reallaşmır. Özəl bir səbəb varmış...
Həqiqət Atakişiyeva: “Uşaqlıqda revamtizması vardı, ona görə dedi, hərb mənlik deyil. Ordudan tərxis olundu, zabit kimi ehtiyata buraxıldı”.
Taleyin diqtəsi və ya yenidən ordu...
“Hərbi xidmətdən sonra, – Həqiqət xanım oğlunun tərcümeyi-halında daha bir döngəyə burulur, – kiçik bizneslə məşğul oldu, yavaş-yavaş dostlarıyla şirkət qurdular. Özü də Tərlan çox dost sevən, ünsiyyətcilidi, ailəyə sadiqidi, qohuma-əqrəbaya, hamıya canıyananıydı. Elə bayram olmazdı, gəlib bizə baş çəkməsin...
Yalan olmasın, nəslimizdə belə bir uşaq, belə bir oğlan yoxudu. Tək yaraşığından söhbət getmir. Hamımıza diqqət eləyər, qayğı göstərər, ehtiyacı olana gücü çatan köməyi əsirgəməzdi”.
Həqiqət xanım deyir ki, yayda Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra Tərlan könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib: “Əslində Tərlanla bərabər o biri oğlum Fateh də, dayısı oğlu da, dostları da cəbhəyə getmək üçün könüllü yazılmışdılar. Bu xəbəri eşidəndə dedim, ay Tərlan, sən bu yaşında, dizində də problem, müharibəyə necə gedə bilərsən?
Bir neçə il qabaq Novruz tonqalından atılanda Tərlanın ayağı zədələnmişdi, dizinə su yığılırdı. Dizini əməliyyat da etdirmişdi. Hərdən ağrı verirdi. Dedi, yox, ana...”
Həqiqət xanımın sözlərinə görə, Tərlan payız qabağı kənddə həyətdə iş görməyə, sahman yaratmağa başlayır: “Balaca damı təmir elətdirdi, hasarı söküb təzədən hördürdü. Həftənin o başı-bu başı kəndə yanımıza gəlirdi.
O ərəfədə dedi, ana, dizim yenidən ağrımağa başlayıb. Dedim, get həkimə. Düzü, özünə baxanıdı, uşaqlıqdan revmatizmə görə həkimlərə aparırdım deyə həkim yolunu tanıyırdı, səhhətinə fikir verənidi. Dedi, hə, gedəcəm, bu işləri yoluna qoyum...”
“Qalanı sonraya qaldı”
Həqiqət xanım həmin günü xatırlayır: “Sentyabrın 28-i kəndə gəldi. Daha həyətdə iş yekunlaşmışdı. Qıraqda bir topa torpaq qalmışdı, onu apardı çuxura boşaltdı, daşları hasarın dibinə yığdı, bir-iki dəmir vardı, onu da götürdü. Evin özünə də əl gəzdirmək fikri vardı. Dedi, ana qalanı qaldı sonraya...
O qohuma baş çəkdi, bu qonşuya keçdi. Görürəm nəsə qaça-qaçdadı. Mənə heç nə demir. Sonra qayıtdı ki, filankəslər də müharibəyə getdilər. Soruşdum bəs sən?.. Məni sakitləşdirdi, dedi, bilmək olmaz, bəlkə mən gedincə müharibə bitdi? Ancaq dedi, çağırsalar, gedəcəm”.
Bakıya qayıdan Tərlan axşam ata-anasına zəng vurur: “Çağırıblar sabah saat 7-də çıxıram. Ay bala, bəs, bizə niyə demədin? Narahat olmayın, uşaqlar yola salacaqlar”.
Deyir və gedir...
Həqiqət xanım: “Bir müddət Pirəküşküldə təlim keçdilər. Bizə də zəng vurub dedi ki, yığışın gəlin Bakıya, evi yiyəsiz qoymayın. Bakıya gələndə kiçik oğlum Fateh dedi, ana, səni Tərlanla görüşdürəcəm. Yolda Pirəküşkülə döndük. Bu, Tərlanla son görüşümüz oldu...”
Son zəng də çalınacaqdı
Həqiqət xanım dəqiq xatırlamır, ya oktyabrın 4-ü, ya 5-i Tərlan Atakişiyev döyüş bölgəsinə yola düşür: “Yola düşəndə də zəngləşdik. Dedi, darıxma, ana, gedirik. Bax, maşınla gedirik...”
Manqa komandiri olan Tərlan Atakişiyev Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Həqiqət xanımın fəhminə, yaddaşına etibar eləsək, o, Füzuliyə ikinci hücum zamanı həlak olub, hətta deyir, deyəsən, Cəbrayılda da döyüşüblər: “Qohumlar, dostları hər gün Tərlanla danşırdılar. Mən bir az ehtiyat edirdim, fikirləşirdim ki, birdən danışanda başı qarışar, bir xətər toxunar ona...”
Ana bir şeyi yaxşı xatırlayır: oktyabrın 23-nə qədər oğlunun səsi telefonda gümrah gəlirmiş, 24-ü günü səhər-səhər yox... 24-ü ölüm günüymüş.
Həqiqət Atakişiyeva: “Özü də mənimlə danışanda elə vaxt, elə yer seçərdi ki, top-güllə səsi eşidilməsin. Sakit, asudə səslə danışardı. Ayın 24-ü dedim, Tərlan, səninçün nə bişirim yollayım, qayıtdı ki, ana, pul göndərmişdilər, 40 kilo ət almışdım, bu dəfə kartof da aldım, bozbaş bişirdik. Qıraqda-bucaqda kabab yeyərdi, amma belə, adi şəraitdə kənd uşağı kimi bozbaşı, soyutmanı xoşlayardı.
Gördüm, səsi bu dəfə həmişəki deyil, səsində təşviş var. Dedi, ana, sonra, sonra mən özüm sənə zəng edərəm. Bu da sonuncu danışığımız oldu. Həmin gün axşam saat 6 radələrində şəhid olub”.
Ertəsi gün, oktyabrın 25-də günün birinci yarısında Atakişiyevlərin darvazası döyülüb...
Şəhidlik məqamı
Bu yaxınlarda Tərlan Atakişiyevin döyüş yoldaşları Şamaxının Göylər kəndinə, Sarıtəpə qəbiristanlığında şəhidin məzarını ziyarət eləməyə gəliblər. Tərlanın hərbçi bacarığından, insani keyfiyyətlərindən söz açıblar.
“Bəs Tərlan hansı şəraitdə, necə şəhid olub, yoldaşları, tabeliyində olmuş əsgərləri nə danışdılar” - Həqiqət xanımdan soruşuram.
Yoldaşları deyib ki, bir təpənin başındaydıq, bizə sovqat gətirmişdilər. Bir nəfər döyüşçülərə şirniyyat paylayırdı. Təpədən aşağı enəndə Tərlan irəlidəydi. Qəfil qrad mərmisi düşdü, iki nəfər həlak oldu, biri Tərlan Atakişiyev...
Bütün söhbət boyu sakit bir hüznlə söhbətə qulaq asan, hərdən qəhərlənib susan atanın ola bilməz ki, deməyə sözü olmasın.
Üzümü ona tuturam, o deyir: “Mənim bircə sözüm var –oğlumu yaxşı tanımamışam. O gün rəhmətlik Mirsahibin oğlu qonşu Təsadüf gəlmişdi başsağlığına. Bizə o danışdı ki, Tərlan çoxdan müharibə başlasa döyüşə gedəcəyini deyirdi.
Amma Tərlanın hər cür əsası vardı ki, müharibəyə getməsin, qalsın. Dizi zədəliydi, yaşı 40-ı ötmüşdü, iki uşaq atasıydı, son zamanlar qızdırması olurdu. Qızdırmalı-qızdırmalı da getdi. Hər yerdə dostu-tanışı vardı. Şirkət direktoruydu, əli müəyyən yerlərə çatırdı. İstəsəydi qalardı, amma istəmədi...”
Deyir, yenə susur. Mən də.
Bir də görürsən fotodu adam
...Yenə lap əvvələ qayıdırıq.
Tərlan anadan olanda 2 qurban kəsilib. Biri uşaq doğulan günü ailənin başqa səbəbə deyikli qurbanı varmış, onu kəsiblərmiş, axşam uşaq anadan olanda isə həyətdə daha bir qurbanı üzü qibləyə çevirirlər.
1977-ci ildən nə qədər zaman ötüb, dövran dönüb. Fikrimdən Ələkbər Salahzadənin misraları axır:
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi,
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu.
Bir də gördün qazidi, bir də baxdın şəhiddi! Bir də ayıldın əlçatmazdı...
P.S. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə leytenant Atakişiyev Tərlan Dərgah oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhu şad olsun!