“Qarabağın dirçəlməsi məcburi köçkünlər başda olmaqla hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün Azərbaycan Ordusunun, minlərlə şəhidin canı, qanı bahasına Qarabağı və ətraf bölgələri işğaldan azad etmişik. Bu halda hər bir Azərbaycan vətəndaşı mümkün olmayan şərtlər daxilində olsa belə, həmin ərazilərə dönüb yaşamalıdır. Düşmən görməlidir ki, bu torpaqların sahibləri geri dönüb. Bu, düşmənə tutarlı mesaj olacaq”.
Bunu Teleqraf.com-a fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.
Prezidentin məcburi köçkünlərlə bağlı sorğu keçirilməsi məsələsinə münasibət bildirən sosioloq deyir ki, istənilən problemin öyrənilməsində sosioloji metodlardan istifadə məqbuldur: “Çünki sosioloji sorğuların keçirilməsi mövcud problem haqqında real vəziyyətin ortaya çıxmasında ən yaxşı vasitədir. Məcburi köçkünlər arasında keçirilən sorğudan sonra əldə olunmuş nəticələr dövlətin işğaldan azad olunmuş ərazilərdə aparacağı quruculuq işlərində real informasiya mənbəyi olacaq.
Təxminən 1 milyon ətrafında məcburi köçkünün geri dönüşü heç də asan məsələ deyil. Böyük ehtimalla bu proses mərhələli şəkildə həyata keçiriləcək. İlk öncə həmin ərazilərdə təhlükəsizlik məsələsi öz həllini tapmalıdır. Eyni zamanda infrastruktur layihələr icra olunmalı, evlər tikilməli, iş yerləri açılmalıdır və sair. Bu halda məcburi köçkün düşmüş şəxslərin öz ata-baba torpaqlarına dönüşündə ciddi problemlərin olacağını düşünmürəm”.
Ağasəlim Həsənov bildirib ki, Qarabağın işğalından 30 ilə yaxın keçən müddət ərzində insanlar öz həyatlarını və işlərini yenidən qurublar: “Məcburi köçkünləri geri dönüşdə ilk düşündürən məsələ işlə bağlı olacaq. Əgər məşğulluq sahəsində dövlət siyasət məqbul olsa, o zaman məcburi köçkünlərin dönüşündə ciddi problemlər olmayacaq.
Məcburi köçkünlər arasında bəzi obyektiv səbəblərdən geri dönüşün baş tutmayacağı hallarına da rast gəlinə bilər. Bunu normal qarşılamaq lazımdır. Bəzilərinə azad olunmuş torpağına dönüb yaşamaq çətin görünə, adaptasiya məsələləri problemə çevrilə bilər. Böyük şəhərdə 30 il yaşamış bir insanın kənd həyatına adaptasiya olunması məsələləri məcburi köçkünlərin geri dönüşünə müəyyən qədər öz təsirini göstərəcək.
Dövlət həmin ərazilərdə yaşamaq istəyən insanlar üçün sosialyönümlü, həvəsləndirici layihələr həyata keçirməlidir. Kənd təsərrüfatı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə şərait yaradılmalıdır. Yəni insanlar “geri dönsəm, hansı işlə məşğul olacam, “nə edəcəm” kimi suallar qarşısında aciz qalmamalıdırlar. Bu halda müəyyən istisnalar olmaqla məcburi köçkünlərin geri dönüşündə ciddi problem olmayacaq.
İctimai rəyin öyrənən mütəxəssis kimi, məcburi köçkünlərin 100 faiz geri dönəcəyinin proqnozunu da vermirəm. Bu, obyektiv səbəblərdən mümkün deyil. Hər halda məcburi köçkünlərin geri qayıdışında ciddi problem yaranacağını da təxmin etmirəm. Müəyyən layihələr icra olunduqca insanlar tədricən həmin bölgələrə axın edəcək”.
Ağasəlim Həsənov məcburi köçkünlər arasında kifayət qədər imkanlı şəxslərin olduğunu da vurğulayıb: “Hesab edirəm ki, həmin iş adamları geri dönən qatarın lokomotivi olmalıdırlar. Onlar həmin ərazilərə gedib sərmayə yatırıb, iş qurmalıdırlar. Çalışmaq lazımdır ki, həmin işlərə əsasən yurdlarına dönən şəxslər cəlb olunsun. İş adamlarımız dövlətin həyata keçirdiyi tədbirlərdən kənarda vətəndaş məsuliyyətini dərk edib bu işdə fəal olmalıdırlar. Çünki bu bizim ümummilli məsələmizdir.
Özüm də bir məcburi köçkün olaraq geri dönüş prosesində maarifləndirmə, təbliğat və istənilən sosial tədqiqatları aparmağa hazıram. Doğulduğum Laçın şəhərinə qayıdıb orada yaşayacağım günü səbirsizliklə gözləyirəm”.