13 Yanvar 2021 09:05
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvinin əsərlərinin sətri tərcüməsi mükəmməl şəkildə hazırlanıb. Bu gün kimlərsə, ola bilər, tərcümələrin səviyyəsindən narazılıq etsin. Hesab edirəm ki, Nizaminin əsərləri tərcüməyə həmişə açıqdır. Böyük mütəfəkkirin əsərləri elə bir xəzinədir ki, hər vaxt qayıdıb, onların həm təhlili, həm də tərcüməsi ilə məşğul olmaq olar.

Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid “Nizami ili” ilə bağlı Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik.

- Rəşad müəllim, bu il “Nizami ili” elan edildi...

- Bu ilin “Nizami ili” elan edilməsi mənim üçün də sürpriz oldu. Bütün söhbətlər Qarabağa qayıdış ətrafında gedirdi, düşünürdük ki, elan olunacaq il bu mövzuya köklənəcək. 2 il əvvəl “Nəsimi ili” elan edilmişdi. “Nəsimi ili”nin də böyük mənası var idi. 600 il əvvəl yaşayan, Azərbaycan türkcəsində yazan bir şairin şeirlərinin bu gün də anlaşıqlı olması böyük hadisədi, bu, həm də dünyaya mesaj idi. Bu dövrdə Nəsiminin fəlsəfəsi, dünyagörüşü, beynəlxalq ictimaiyyətə tanıdılması ciddi bir proses oldu. İl yüksək səviyyədə keçdi.

Bu ilin Nizami ili elan edilməsinin də dərin mənası var. Dünyaya mesajdır ki, Azərbaycanın 880 illiyini qeyd etdiyi dahi, mütəfəkkir şairi var. Azərbaycan ərazisində yaşayıb, Gəncədə doğulub, ömrünü Gəncədə keçirib. Fars dilində yazmasına baxmayaraq bütün əsərlərində dünya alimlərinin də söylədiyi kimi, türk ruhu başdan-başa hiss olunur. Hesab edirəm ki, bu cür tədbirlər Nizaminin Azərbaycan şairi olmasında tərəddüd edənlərin şübhələrinə son qoyur.

Bilirik ki, Nizaminin yubileyi sovet dövründə də keçirilib. 1941-ci ildə müharibə zamanı yubiley Ermitajda qapalı guşədə, 1947-ci ildə isə geniş şəkildə qeyd olunub. Azərbaycanın böyük bəstəkarları Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Qara Qarayev Nizami əsərlərinə müraciət ediblər.

- Nizami Gəncəvinin əsərlərinin dilimizə tərcüməsində problemlər daim müzakirə mövzusudur. Bu istiqamətdə nələr etmək olar?

- Azərbaycanın böyük şairləri Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim Nizaminin əsərlərinin Azərbaycan dilinə tərcüməsində iştirak ediblər.

Nizami Gəncəvinin əsərlərinin sətri tərcüməsi mükəmməl şəkildə hazırlanıb. Bu gün kimlərsə, ola bilər, tərcümələrin səviyyəsindən narazılıq etsin. Hesab edirəm ki, Nizaminin əsərləri tərcüməyə həmişə açıqdır. Böyük mütəfəkkirin əsərləri elə bir xəzinədir ki, hər vaxt qayıdıb, onların həm təhlili, həm də tərcüməsi ilə məşğul olmaq olar.

- Necə düşünürsünüz, Nizamini dünyaya kifayət qədər tanıda bilirikmi?

- Əvvəla, Nizaminin Azərbaycanda tanıdılmasından danışaq. Orta məktəbdən başlayaraq Nizami yaradıcılığı tədris olunur. Amma sovet dövründə rəsmi ideologiyaya uyğun hansısa əsərlər, hekayələr qabardılıb. Nizaminin əsərləri arasında o qədər ibrətamiz, dərin mənalı hekayətlər var ki...

Çox istərdim, bu hekayətlər şeir kimi yox, elə nəsr əsərləri olaraq da uşaqlar üçün çap edilsin. Həmin əsərlərin məğzi, mənası uşaqların yaddaşında qalsın. Bu mənada Nizamini daha çox özümüzünkü edək.

Nizaminin tanıdılması yolunda böyük işlər görülür. Prezidentin sərəncamında da qeyd edildiyi kimi, Azərbaycanda Nizami Gəncəvi beynəlxalq mərkəzi fəaliyyət göstərir. Böyük şairin əsərlərində dünyaya ədalət çağırışları, ədalətli dövlət ideyaları var və bu ideyalardan bütün dünya bəhrələnə bilər.

Son illər Böyük Britaniyanın Kembric Universitetində Nizami mərkəzi açılıb. Bu mərkəzin xətti ilə Nizami irsinin araşdırılması və dünyada tanıdılması yolunda böyük işlər görülür. Nizaminin kifayət qədər tanındığını qeyd etdim, bununla belə, əlimizə düşən bu fürsətdən də istifadə edib, "Xəmsə" müəllifinin daha çox tanıdılmasına çalışmaq lazımdır.

Nizami Gəncəvinin məhz Azərbaycan şairi kimi dünyaya tanıdılması bəzilərinin xoşuna gəlməsə də, hesab edirəm ki, bu əsərlər bizim böyük sərvətimiz, üstünlüyümüz və qazancımız sayılacaq.

- AYB-nin “Nizami ili” ilə bağlı planları varmı?

- Yazıçılar Birliyinin daha əvvəllər Gəncədə “Nizami günləri” keçirilib. Bu il “Nizami şeir günləri”nin bərpa edilməsi barədə müzakirələr aparılır. Yazıçılar Birliyinin sədri Anar müəllim təklif etdi ki, beynəlxalq qonaqların dəvəti ilə Nizami poeziya günləri bərpa olunsun. Bu tədbirlər həm Gəncədə, həm də Göygölün ətrafında keçirilsin. Qonaqlar Azərbaycan şairinin yaşadığı yerlərlə, məkanlarla yaxından tanış olsunlar, Azərbaycanın gözəlliklərinə bələd olsunlar.

Şübhəsiz, bu il Yazıçılar Birliyində “Nizami ili” ilə bağlı müxtəlif tədbirlər planlaşdırırıq. AMEA-nın Ədəbiyyat İnstitutu və digər qurumlar da burada iştirak edəcək.

Nəsimi ilinin təcrübəsi göstərdi ki, bu prosesə təkcə humanitar, ədəbiyyat-mədəniyyət yönümlü təşkilatlar yox, həm də digər qurumlar, şirkətlər töhfə verə bilərlər. Elə bilirəm, Nizami ilində daha geniş aspektdə bu işləri görmək imkanımız olacaq.

- Sizcə, tədbirlərin təkcə Gəncədə keçirilməsi ilə kifayətlənməliyikmi?

- Nizami ilə bağlı tədbirlərin coğrafiyasının genişləndirilməsinə tərəfdrama. Şair Makedoniyalı İsgəndərlə Bərdə hökmdarı Nüşabənin görüşünü təsvir edib. Həmin yerdə hamımızın əzbər bildiyimiz misralar qeyd olunur:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Qışı da, yayı da güldür, çiçəkdir.

Fikirləşirəm ki, Bərdənin özündə çox gözəl bir kompleks, bağ yaratmaq olar. Nizaminin əsərlərində Bərdədə bitən güllərin, çiçəklərin, ağacların adlarını çəkir. Bunların hamısını bərpa etmək olar. Hesab edirəm ki, Qarabağda quruculuq işlərinə başlamaqla yanaşı, “Nizami ili”ndə Bərdədə şairin poemalarının süjeti əsasında dünya turistlərini maralandıracaq qeyri-adi kompozisiyalar qurmaq olar.

- Bəs rəhbəri olduğunuz "525-ci qəzet"in Nizami ili üçün xüsusi buraxılışı olacaqmı?

- “Nizami ili” elan olunan kimi, bununla bağlı yazılar verməyə başladıq. Müxtəlif alimlər, bizə müraciət edənlərin yazıları dərc olundu. Güman edirəm ki, bu il də mətbuat orqanları arasında ən çox Nizamini təbliğ edən elə "525-ci qəzet" olacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər