23 Oktyabr 2014 10:30
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə Bakıda iki günlük strategiyanın təhlili seminarı təşkil edir.

Teleqraf.com xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov və İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar iştirak edir.

H.Əsədov bildirib ki, kənd təsərrüfatı sektoruna edilən investisiyalar, habelə İFAD-la Kənd Rəsərrüfatı Nazirliyinin tərəfdaşlığı kənd təsərrüfatı sektorunun transformasiya olunmasına, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə və biznes imkanlarını yaradılmasına fürsət verib: “Azərbaycan hökuməti son on il ərzində kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi, habelə kənd təsərrüfatının istehsalında uğurlu və davamlı artıma zəmin yaratmaq üçün İFAD-la birgə fəaliyyət göstərir. İFAD-la birgə fəaliyyət nəticəsində biz Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsi üzrə aparılan islahatlarını həyata keçirməyə müfəssəl olmuşuq. Nəticə etibarı ilə hazırda kiçik təsərrüfatlar kənd təsərrüfatının ümumi istehsalın 80 faizini və iş yerlərinin 40 faizini təmin edir”.

H.Əsədov qeyd edib ki, ölkənin kənd təsərrüfatının və kənd yerlərinin inkişafı strategiyaları ilə uzlaşan İFAD-ın maliyyələşdirdiyi layihələr çərçivəsində aparılan fəaliyyətlər təbii ehtiyatların davamlı idarəedilməsi üçün aktivlərə və xidmətlərə dəstək verib: “O cümlədən suvarma sistemlərinin və otlaqların təkmil formada idarə olunmasına kömək edib, kənd iqtisadiyyatının əsas qüvvəsi olan kənd təsərrüfatı sektorunu inkişaf etdirməyə dəstək verib. Bunun nəticəsi olaraq əlverişsiz kənd icmalarının yaşayış imkanları yaxşılaşıb.

Xalidə Bouzar deyib ki, İFAD bu möhkəm bünövrə üzərində və hökumətin yeniləşmiş kənd təsərrüfatı strategiyası (“2014-2020 illərdə Azərbaycan Respublikasında Aqrobiznesin İnkişafı Strategiyası”) ilə uyğun qaydada kənd yerlərini inkişaf etdirmək məqsədi ilə yeni və innovativ yanaşmalara əsasən fəaliyyət göstərəcək.

X.Bouzar onu da nəzərə çatdırıb ki, Azərbaycanda İFAD tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sahəsi üzrə dəyər zəncirinin gücləndirilməsinə və bu sektorun inkişafına yönələcək: “Xüsusən də izlənilmə mexanizmlərinə, habelə yeni bazarlara çıxış, keyfiyyət və gigiyena standartlarına diqqət yetirməklə ənənəvi təsərrüfatçılıq təcrübələrinin yaxşılaşdırılması ilə nəticələnəcək”.

Qeyd edək ki, İFAD-ın Azərbaycanla tərəfdaşlığı 1997-ci ildən başlanıb. İFAD-dan verilən məlumata görə, bu günə qədər 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqram və layihələrdən faydalanıb. İFAD-ın 67.4 milyon ABŞ dolları məbləğində qoyduğu ümumi investisiyası əlavə 125 milyon ABŞ dolları məbləğində sərmayə cəlb olunmasına səbəb olub.

S.HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər