"OLAYLAR" qəzetinin əməkdaşı, əməkdar jurnalist Süleyman İsmayılbəylinin İordaniya mediasında növbəti məqaləsi dərc edilib.
Teleqraf.com xəbər verir ki, nayrouz.com saytında dərc edilən yazıda müəllif 31 il əvvəl Azərbaycan xalqına qarşı həyata keçirilən 20 Yanvar qırğınından bəhs edir.
1990-cı il, yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq azadlıq, müstəqillik istəyi ilə meydanlara çıxan silahsız, dinc insanlara qarşı qətliam həyata keçirdiyini qeyd edən müəllif daha sonra yazır ki, xüsusi təlimat əsasında Azərbaycana göndərilmiş sovet qoşunlarına xalqın gözünü qırmaq, Azərbaycan vətəndaşları arasında qorxu yaratmaq, xalqın müstəqillik, azadlıq istəklərini yerindəcə boğmaq, həmçinin maksimum dərəcədə qətliam həyata keçirmək tapşırığı verilmişdi: "Tapşırığın icrası isə yalnız Bakı şəhəri ilə kifayətlənməli deyildi. Sovet qoşunları Azərbaycanın digər iri şəhər və rayonlarında da qətliamlar törətməli idi ki, xalq bir daha müstəqillik, azadlıq fikrinə düşməsin. Elə buna görə də rus qoşunlarının cəza əməliyyatı Azərbaycanın regionlarını da əhatə etdi və yanvar qətliamı zamanı ümumilikdə Azərbaycanda 146 nəfər öldürüldü, 744 nəfərə müxtəlif dərəcəli xəsarət yetirildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də oldu. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs olundu, rus əsgərləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın məhv edildi. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycana qətliama gələn sovet qoşunları hətta yaralı insanlara köməyə gələn təcili yardım maşınlarını da atəşə məruz qoymuşdu".
Müəllif məqalədə onu da vurğulayır ki, bütün cəhdlərə və qətliamlara baxmayaraq Azərbaycan xalqının müstəqillik və azadlıq eşqini qırmaq, məhv etmək mümkün olmadı. Yazıda ümummilli lider Heydər Əliyevin qətliamın ertəsi günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu hadisəni qəti şəkildə pisləməsi də əksini tapır və bildirilir ki, Heydər Əliyevin nümayiş etdirdiyi bu cəsarət Azərbaycan xalqına güc, qüvvət vermiş oldu. Yazıda məqalə müəllifi 20 yanvar faciəsinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymətin də məhz 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyi diqqətə çatdırılır.
Sonda Süleyman İsmayılbəyli onu da qeyd edir ki, faciənin 31-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan öz ərazi bütövlüyünü bərpa edib, azadlığa qovuşub:
"Uzun illər erməni işğalı altında olan ərazilərini müstəqil Azərbaycan dövləti düşməndən azad edib. Ona görə də əminliklə deyə bilərik ki, bu gün Şəhidlərimizin ruhu şaddır".