21 Yanvar 2021 15:44
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.

Düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.

Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevinc və qürur hissi ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Bu kateqoriyalara aid vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Vurğulanıb ki, komitənin sifarişi ilə inşa edilmiş yeni yaşayış sahələrinin şəhid ailələrinə verilməsi barədə ölkə rəhbərinin qərarını məcburi köçkünlər rəğbətlə qarşılayıblar. Onlar tezliklə bərpa ediləcək, yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar, ata-baba torpaqlarında yeni həyata başlayacaqlar.

Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.

Görüşdə Vətən müharibəsi iştirakçıları Nicat Cəlilova, Əli Həbibzadəyə, Toğrul Əliyevə, Eyvaz Novruzova, Ömür Mehdiliyə, İlqar Quliyevə, Bayram Vəliyevə, Mübariz Əliyevə, Elşən Vəliyarzadəyə, Arif Abbasova, Elşad Şirinova, Zamiq Cəfərova, Elxan Xankişiyeva, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə 5 nəfərə - komitə sədrinin müşaviri Nəsimi Nərimanova, Miqrasiya, məskunlaşma, status və sosial təminat şöbəsinin müdir müavini Xəyyam Hüseynova, Füzuli rayon sektorunun müdiri Elmir Allahyarova, Tərtər rayon sektorunun müdiri Möhlət Nəzərova, Mənzil-İstismar Departamentinin direktor müavini Azər Eminova komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Vətən müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən komitə əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarına bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər