Qazaxıstanın Azərbaycandakı səfirliyində dahi qazax şairi və mütəfəkkiri Abayın əsərlərinin motivləri əsasında yaradılan türkdilli ölkələrdən olan rəssamların işlərinin yer aldığı “Abayı oxuyarkən” art-albomunun təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimatda Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin vitse-prezidenti E.İsmayılov, həmçinin, Azərbaycanın elm və yaradıcı dairələrinin nümayəndələri iştirak ediblər.
Düsen Kaseinov çıxışı zamanı vurğulayıb ki, Abay xalq şairi, mütəfəkkiri, maarifçi və qazax milli ədəbiyyatının banisi olaraq təkcə Qazaxıstan üçün deyil, eyni zamanda bütün türk dünyası üçün zəngin mirası qoyub – onun şerləri və müdrik kəlamlar bütün türk xalqlarının zənginliyini və mənəvi dünyasını tərənnüm edir.
Qeyd olunur ki, art-albom Abayın anadan olmasının 175-ci ildönümü ilə əlaqədar elan olunan “Abay Kunanbayev ili” çərçivəsində TÜRKSOY tərəfindən dərc olunub.
Tədbir əsnasında “Abay 175 il” xatirə medallarının və dahi qazax şairinin adının və irsinin təşviqində böyük pay sahibi olan şəxslərə fəxri fərmanların təltif edilməsi mərasimi keçirilib. Fəxri fərmanlar Bakı Dövlət Universiteti nəzdində Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri F.Dursunovaya, BDU-nun Türkşünaslıq kafedrasının müdiri R.Əsgərova, jurnalist-publisist A.Eyvazovaya, yazıçı-nasir Nəriman Əbdülrəhmanlıya, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru E.Quliyevə, BDU-nun Türkşünaslıq kafedrasının professoru F.Ağayevaya təqdim olunub.
Qonaqlara Abayın həyatı və yaradıcılığı haqqında sənədli film və ənənəvi qazax təamları təqdim olunub.