Peyvəndləmə pandemiyanın sonu deyil, amma infeksiya zəncirinin qırılmasında, onun kaskad şəklində yayılmasının qarşısını alınmasında vacib prosedurdur.
Teleqraf.com xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O qeyd edib ki, bu yolla kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik:
“Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır. Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yox olub və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılıb. Bu reallıqları nəzərə almaq gərəkdir”.
Adil Qeybulla daha sonra deyib:
“Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və sair kimi primitiv, cəfəng, əsassız və məntiqsiz təbliğatını yada salın. Təəssüflə qeyd etmək yerinə düşər ki, sonradan həmin infodemiya (dezinformasiya) şəbəkəsinin bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı. Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.
Adil Qeybulla yanvarın 22-də səhər saatlarında ona Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksiyasına qarşı Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndinin birinci dozasını vurulduğunu da bildirib.
Qeyd edib ki, peyvəndin vurulmasından 16 saat keçdikdən sonra iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur.