Yolumuz qədim odlar yurdunun müqəddəs diyarına - Zəngilanadır!
Bakıdan Zəngilana uzanan kilometrlərlə yolu bir qədər həyəcan, sevinc, bir az tələskənlik ruhu ilə getməmək mümkün deyil. Uzanan yolların bir anda bitməsini, səni Vətən torpağına daha tez çatdırmasını istəyirsən. Ürəyin sanki o yerlərə çatmaq üçün çırpınır.
Bu həyəcan yolboyu quraşdırılan, Zəngilana 165, 110, 85 kilometr və getdikcə hər dəqiqə daha da qısalan məsafə lövhələrini gördükcə nələrlə qarşılaşacağını və səni nələrin gözlədiyini göz önünə gətirirsən. Əslində, gözümün önündə yenidən canlanan foto və videolarda gördüyümüz viran qoyulmuş, məhv edilmiş, barbarcasına talanan Zəngilandır. Lakin bu dəfə fərqli olan budur ki, həmin yerləri öz gözlərimlə canlı görəcəm, əllərimlə o uçurulan evlərə, müqəddəs məkanlara toxunacam və yarasına sığal çəkəcəm.
Ancaq məsafə qısaldıqca, bir sual daha çox məni düşündürdü - Görəsən, mənfur düşmənin viran qoyduğu, Arazın bir küncünə məhkum edilən, illərdir kömək gözləyən, talanan yurdumla qarşılaşanda ürəyim dözə biləcəkmi?
Bu düşüncə ilə doğma Qarabağ torpaqlarına qədəm qoyuruq, Zəngilana gedən yolumuz bir qədər də qısalır və bizi Füzuli torpaqları salamlayır. Horadiz şəhərinə doğru getdikcə tikinti-abadlıq işləri gedirdi. Bizi Şuşamıza daha tez, rahat qovuşduracaq Füzuli-Şuşa magistral yolunun tikintisi də aparılırdı. Yolboyu abadlaşdırılan, tikilən, can verilən yerləri gördükcə əmin olursan ki, tezliklə buralar yenidən cənnətə dönəcək.
Füzulinin bir neçə kəndini keçdikdən sonra Cəbrayıl-Zəngilan yolu ilə azad edilən ərazilərimizlə irəliləyirik. Gözümüzü hansı tərəfə çevirsək, Cəbrayılın viran qoyulan kəndlərini görə bilərik. Bizi Zəngilana çatdıran bu yol erməni vandallarının xarabalığa çevirdiyi yaşayış məskənlərinin ortasından keçir. Sağa, sola, hətta qarşıya da baxdıqda dağıdılan, sökülən, daşlarına belə əzab verilən evləri görmək olar. Yalnız xeyli sayda uçurulmuş evlərin bir məkanda toplanmasından və digər yerlərlə arasında olan məsafədən buraların kənd olduğunu bilmək olur. Bu evlər sanki əkizdir, bir-birlərinə o qədər bənzəyirlər ki, fərqləndirmək də çətindir...
Hamısı uçuq, yarımçıq divarları qalan, qapı-pəncərələri sökülən, damları yandırılan, bəzilərinin yalnız bünövrəsi qalan bir və ya ikimərtəbəli boz evlərdir. Elə bir kənd var idi ki, qamışların, hündür otların arasında tarix olmuşdu. Yalnız külək qamışları, otları tərpətdikdə evlərin sökük divarlarını görmək mümkündür. Bura Cəbrayılın Karxulu kəndi idi. Sağa, sola, qarşıya boylanıb, səkkiz göz olub dörd tərəfimə nəzər yetirəndə azərbaycanca “Karxulu kəndi” yazılan lövhəyə gözüm sataşdı. Bu kəndi qamışlıqlar ağuşuna almışdı. Evlərin yıxıq divarlarının ortasından yellənən ağac budaqları sanki bizi salamlayırdı. Mənzərə çox ağrılı idi.
Yolumuz davam edir. Xaraba qoyulmuş kəndlərin üzərində yerləşdiyi sarı təpələrin arxasından bizə boylanan başı qarlı dağları görmək mümkündür. Havanın soyuqluğu, qar, şaxta bizə təsir etmir, çünki ayaq basdığımız Vətən torpağı bizim ruhumuzu da isidib. Yalnız bir fikir beynimə hakim kəsilib - Qoy, doyunca baxım Vətənimə, viran qoyulmuş yurduma, gözlərimə həkk olunsun amansızcasına xarabalığa çevrilən kəndlərimiz. Unudulmasın, dünyaya göstərək bu vandallığı, qəddarlığı. Məncə, bu yerlər açıq muzeydir, böyük bir ərazinin xarabalığının qalıqları... Bura xalqımın yaşadığı dəhşəti özündə əks etdirən daşlaşmış unudulmazlıq muzeyi, həm də dünyaya özlərini “mədəni xalq” olaraq təqdim edən ermənilərin mədəniyyətsizliyinin muzeyidir...
Artıq 3-cü kənddir ki, qamışlıqların arasında itib-batdığını görürük. Evlərin ortasından 27 yaşı olan kövrək ağaclar boylanır. Uzaqda, təpələrin ətəyində yerləşən evləri də boylanıb görmək olar. Qəbiristanlıqlar isə fəslin rənginə uyğun otların arasında itib-batır. Demək olar ki, bütün qəbir daşları sındırılıb, təhqir edilib. Bəzi yerlərdə isə kurqan qəbirlərə oxşar təpəciklər sanki düzənliklərə səpələnib. Bir qədər getdikcə uçurulmayan bir-iki evi də görmək olur. Becərilən torpaqlardan, suvarma sistemlərindən bilmək olur ki, çox güman burada ermənilər məskunlaşıb. Bir neçə üzüm sahələrinə də rast gəldik. Bəzi üzümlüklərə bu illər ərzində qulluq edilib. Bəzilərinin isə son dəfə 27 il öncə becərildiyi aydın görünür. Bir qədər getdikdən sonra bir neçə yerdə iş getdiyini müşahidə edirik. Yol kənarında dayanan qalib əsgərlərimiz bizi salamlayır.
Artıq Zəngilanın girişinə çatmağa çox az vaxt qalır. Dağıdılmış evlərdən bir qədər uzaqlaşırıq. Günəşin parlaq şüasının qar örtüyünə düşüb gözlərimizi işıqlandırması ilə dəhşətə çevrilən, ermənilərin xarabalığa döndərdiyi kəndlər də bir qədər uzaqda qalır. Ancaq məsafə olaraq uzaqda qalsalar da, gözlərimizin lap önündədirlər sanki.
Bir tərəfimizdə qarlı dağlar, təpələr, digər tərəfimizdə sərhədboyu uzanan Araz çayının mənzərəsi ilə yola davam edirik. Nəhayət, üçrəngli bayrağımızın üzərində dalğalandığı Zəngilan yazılı lövhəyə çatırıq. Bura hündürdə yerləşir, sol tərəfimizdə suları durulan Arazı, Cənubi Azərbaycanın kəndlərini daha yaxından görmək olar. On dəqiqə gözümü zilləyib məhz, o tərəfə boylandım. Doğma torpaqlarımızın azad olunması ilə sanki Araz çayı da durulmuş, həzin-həzin axırdı. Buradan fərqli olaraq orada yaşıllıq, həyat var idi... Zəngilanı da tezliklə nəfəs verib, canımızdan can verib cənnətə çevirəcəyik. Bu arzu ilə rayon mərkəzinə doğru irəliləyirik.
Ağ qara bürünən Zəngilan dağları bizi salamlayır. Burada da Cəbrayıldakı eyni mənzərəni görmək mükündür. Xaraba qalan evlər, sınıq maşınlar, 30 illik tərk edilmiş diyar, qorxunc mənzərə... Paslanmış maşınların güllələrlə deşik-deşik edilmiş parçalarının qalıqları Birinci Qarabağ savaşının dəhşətini özündə əks etdirmişdi. Məzarlıqlarla bağlı eyni şeyi burada da görmək olar. Qəbiristanlıqda çox az sayda kiçik başdaşı qarın içindən başını qaldırır. Onların demək olar ki, hamısı sındırılıb. Cəbrayıldan fərqli olaraq Zəngilanda ermənilər daha çox məskunlaşıb. Bunu dağıdılmayan evlərin nümunəsində görmək mümkün idi. Artıq şəhər bizə nəfəs qədər yaxın görsənir. Həkəri çayının üzərində salınan körpüdən keçirik. Yol qırağında ermənicə yazılı lövhə yerdə yarı palçığa qarışmış vəziyətdə görünür. Hər bir yaşayış yerində azərbaycanca löhvələr yerləşdirilib. Bir qədər getdikdən sonra Arazın sol qolu olan Oxçuçay çayını da görürük. Artıq Zəngilan rayonundayıq.
Girişdə Zəngilan Rayon Dəmiryolu Vağzalının xarabalığa çevrilən qalıqlarını görmək mümkündür. Ondan qarşıda isə əvvəllər bütün zəngilanlılara qucaq açan, böyük ərazini əhatə edən rayon stadionu yerləşir. Ancaq həmin məkandan əsər-əlamət qalmayıb. Sanki tərk edilmiş bir yurdun maşın qalıqlarının toplandığı bir yerdir. Və əvvəlki polis idarəsinin qarşısına çatırıq. Bura da eyni vəziyyətdədir. Rayon mərkəzi talanıb, dağıdılıb, uçurulub, xarabalığa çevrilib. Dar küçələrlə, əyri yollarla getdikcə narahat olursan ki, hər an qarşına dağa ağır mənzərələr çıxacaq. İcra hakimiyyətinin ikimərtəbəli binasını görürük. Buradan sonra isə rayonun əsas parkı görsənir: kol-kos basmış, ağac, ot əlindən tərpənmək, yerimək mümkün olmayan, “ölü park”.
Ağrılı-acılı mənzərə ilə rayon mərkəzində yolumuzu davam etdiririk. Burada da ermənilər demək olar ki, əksər evlərdə məskunlaşmayıblar. Sadəcə öz yaşadıqları evin damları var idi. Digər evlər isə tarixə çevrilmişdi. Onların yanıq, uçuq divarları 30 ilə yaxın dövrü əhatə edən erməni vəhşiliyinin şahidi idi.
Bəzi evlərdə Azərbaycan bayrağı asılıb. Şəhər divarlarında buranı azad edən, qoruyub saxlayan müzəffər əsgərlərimizin adlarına addımbaşı rast gəlmək olurdu. Ən çox diqqətimi çəkən isə, əsas küçələrdən birinə hərbçilərimiz böyük hərflərlə “General Polad Həşimov küçəsi” yazmışdılar. Bu söz məni o qədər qürurlandırdı ki... Gözlərimdə xaraba şəhərin canlı muzeyini izləyən bir gənc kimi ağrı-acı olsa da, bu kimi qürurlandıran anlar ümidimi daha da artırırdı. Kim bilir, bəlkə növbəti reportajda küçənin adının əsl bu adda adlandığını göstərən lövhə ilə rastalaşacam. Bu ümidlə də yola davam edirəm.
Rayon mərkəzində yerləşən məscidə çatırıq. Bu məscid XVII-XVIII əsrlərə aid edilir və Səfəvilər dövründə tikilməsi güman olunur. Ancaq mənzərə bir qədər fərqlidir. Məscidin nə minarələri, nə də normal bir qapısı var. Sadəcə uçuq divarı qalan bir məscid təsəvvür edin. Yalnız orada saxladıqları donuzlar qaçmasın deyə qoyduqları kiçik paslı qapıdan başqa heç bir şey yoxdur. Oranı bizim hərbçilərimiz təmizləyib, 27 ildən sonra azan səsləndiriblər.
Dini-mədəni abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir.
Ermənilər bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını sübut etmək iddiasında olublar. Müsəlman dini kimliyimizə aid olan məscdilərimiz illərlə ermənilər tərəfindən təhqir edilib. Dünyaya "Azərbaycan tərəfi bizi kilsələrimizi dağıdacağı ilə hədələyir" deyən ermənilərin əsl simaları budur. Dağıdılmış, təhqir edilmiş, mənliyimizi, kimliyimizi, dəyələrimizi burada illərlə əsir tutan ermənilərin iç üzüdür bu məscid.
Daha ağrılısı isə Zəngilan şəhər qəbiristanlığıdır. Böyük şam ağaclarının əhatəsində yerləşən bu məzarlığı görəndə dəhşətə gəlməmək mümkün deyil. Onların burada törətdiyi vəhşiliyi etmək üçün insan olmamaq lazımdır. İnsan sözü onlar üçün yaddır. Barbar ermənilər müharibədən sonra məzarlıqları eşib, cəsədləri də təhqir ediblər. Onlar özlərinin “böyük Ermənistan” arzusunu gerçəkləşdirmək üçün bu qəbir abidələrimizi dağıdıb məhv ediblər. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən monoetnik ermənilər bu məzarlığın nümunəsində həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq nümunəsi göstəriblər. Əsasən də qəbirləri baş və ya yan tərəfindən qazaraq, cəsədin kəllə sümüyünü çıxarıblar.
Hətta çəkiliş apardığımız zaman məzarların kənarında kəllə sümüyü və digər sklet parçalarına rast gəlmək mümkün idi. Bütün qəbirlər baş tərəfdən oyulmuş, yan tərəfdən isə bədən sümükləri çöldə qalmışdı. Burada olan qəbir daşlarının demək olar ki, hamısı sındırılıb, mərmər olanlar satılıb. Bu vandallar Zəngilandakı izimizi silmək üçün qəbir daşlarında olan şəkillərin üzünü baltalayıb, görünməz, tanınmaz hala salıblar, adları isə silməyə çalışıblar. Buradakı qəddarlığı, insanlığa yad hərəkərtləri, vandallığı gördükcə dəhşətə gəlməmək mümkün deyil. Onlar qəbirlərimizi təhqir etməklə nə qədər vəhşi və barbar olduqlarını bütün dünyaya göstərmiş oldular.
Məzarlıqda çəkiliş apardığımız zaman dağıdılmış bir qəbiri düzəltdirən şəxslə qarşılaşdıq. Əhmədov Mirfaiq Əmir oğlu deyir ki, Zəngilan alınanda sevincimizin həddi-hüdudu yox idi. Ancaq sevincək halda ilk olaraq qəbirlərimizi ziyarət etmək üçün buraya gəlməyə imkan tapanda, belə bir acı mənzərə ilə qarşılaşdıq:
“Bu, çox ağrılı mənzərədir. Bütün qəbirlərimizi eşiblər, pul məqsədilə ağ və qara mərmər daşlarını sındırıb satıblar. Qızıl tapmaq məqsədilə kəllə sümüklərini götürüb, dişlərini qırıblar. Bu, vəhşilikdir. Sümüklər çöldə səpələnmiş formada idi. Dünyada heç bir xalqın bu cür vəhşilik edəcəyinə inana bilmərəm. Bəzi sümüklərin üstünü örtdük ki, günahdır. Bir neçə qəbrin fotolarını, parçalarını birləşdirib düzəltmişik ki, itməsin. Onlar yazıları da siliblər. Burada mənim seyid babamın günbəzi yerləşir. Onu çox pis vəziyyətə qoyublar. Onu əl ilə uçurmaq mümkün deyildi, güman ki, böyük traktorlarla uçurublar. İndi təmir etdiririk. Bura əvvəlkindən də daha yaxşı olacaq”.
Zəngilanı anlatmaq 1-2 saata sığmaz, hələ bu şəhərin gözəlliklərindən daha çox danışacağıq. Buna vaxtımız çox olacaq... Gördüklərimizi ürəyimizə sığdırıb, beynimizə yerləşdirib bu vəhşilikləri heç bir zaman unutmamaq üçün qisasımıza bürünüb, kinimizə sarılıb geri dönürük.
Günəş dağın arxasına enməyə başlayır, soyuğun şiddəti artır və şəhər yavaş-yavaş qaranlığa qərq olur. Geri dönmək üçün ərazidən ayrılırıq və şəhərə boylanaraq gəldiyimiz kimi qayıdırıq. Arazın o tayında işıqlar görünür, həyat parlayır... Bir az sonra isə duman və yenidən gəldiyimiz qaranlığa bürünən Cəbrayılın xarabalığa çevrilən kəndləri görünür... Biz yenidən gələcəyik, VƏTƏN! Böyük qayıdışın bir parçası olaraq səni dirçəltməyə, yaralarına sığal çəkməyə, 30 ilə yaxın müddətdə qaldığın əsirliyi unutdurmaq üçün gələcəyik. Tezliklə Cənnət Zəngilandan reportaj hazırlamaq diləyi ilə...