25 Yanvar 2021 14:15
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimai Əlaqələr Departamentinin rəhbəri Elnar Məmmədli Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən Emil Bayramovun Birliyin Layihələr departamentinin və Nərgiz Qurbanovanın İnsan Resursları departamentinin rəhbəri vəzifələrinə təyin edildiyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın xalqımızın və dövlətimizin maraqlarına xidmət edən siyasətini təbliğ etməyi qarşısına əsas məqsəd qoyub. ”İMZA”çılar həmçinin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verir, bu qəbildən olan tədbirləri sosial şəbəkələrdə geniş işıqlandırır, beynəlxalq platformalarda həqiqətlərimizin təbliğində yaxından iştirak edirlər. Bu baxımdan” İMZA”nın bütün kollektivi kimi Layihələr və İnsan Resursları departamentilərinin də yeni mövsümdə üzərinə ciddi vəzifələr düşür.

İndiyə qədər bir sıra layihələrin hazırlanmasında və reallaşdırılmasında kifayət qədər iş təcrübəsi toplamış, gənc kadr olan ana dili ilə yanaşı rus, ingilis və türk dillərini də sərbəst bilən E.Bayramovun rəhbərlik edəcəyi departamentin müasir tələblərə cavab verən, milli maraqlarımıza xidmət edən layihələrin hazırlanıb, həyata keçirilməsi üçün qarşısına ciddi vəzifələr qoyulub. Bu vəzifəyə təyian olunana qədər E.Bayramov marketinq və beynəlxalq əlaqələri dəstəkləyən təşəbbüslərin irəli sürülməsində, bir sıra yerli və beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində, tədbirlərin təşkilində, bu istiqamətdə korporativ əlaqələrin qurulmasında, həmçinin davamlılıq strategiyasının formalaşmasında fəal iştirak edib. O, əmək fəaliyyəti dövründə gənclər təşkilatlarında, bank sektorunda, Diasporla İş üzrə Dövlət Komitəsində işləyib. Hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır.

Azərbaycan Dillər Universitetinin məzunu olan, 1996-cı il təvəllüdlü Nərgiz Qurbanova isə ixtisasca ingilis dili müəllimidir. Hazırda oxuduğu təhsil ocağında Ümumi şöbənin assistenti vəzifəsində çalışan N.Qurbanova ADU-nun “Fəxri məzun” diplomu ilə təltif olunub. İngilis və rus dillərini sərbəst bilən gənc kadr buna qədər Gənclər üçün Təhsil Mərkəzində də işləyib. İndiyə kimi müxtəlif tədbirlərdə, o cümlədən ölkə rəhbərliyinin iştirakı ilə gənclərlə keçirilmiş görüşlərdə iştirak etmiş, çoxsaylı təlimlərdə püxtələşmiş, könüllü kimi də fəaliyyət göstərmiş yeni əməkdaşımız bildirir ki, onun əsas məqsədlərindən biri düzgün işləmək və ən əsası cəmiyyət üçün faydalı olmaqdır. “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransının iştirakçısı olmuş gənc mütəxəssis həmçinin həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında da yaxından iştirak edib. N.Qurbanova “Gənclərin kiçik biznes quruculuğuna dəstək” proqramı çərçivəsində Biznes Məktəbinin təlim kurslarını da uğurla bitirib.

Məlumdur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində ölkəmizin qazandığı tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb. Ona görə də “İMZA” qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin bütün dünyada geniş təbliğini, tanıdılmasını gələcək fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Xatırladaq ki, “İlhamla Mehribanla Zirvələrə Azərbaycan” Sosial İnkişafa Dəstək İctimai Birliyinin hazırda təkcə sosial şəbəkələrdə, o cümlədən də facebook və instagram-da statistik göstəricisi 13 milyon nəfəri keçib.

Beləliklə, Vətənimizə və Xalqımıza xidmət biz “İMZA”çıların əsas həyat amalıdır!


Müəllif: Teleqraf.com