Ölkədə tətbiq olunan sərt karantin rejimi səbəbilə muzeylər bir müddət idi fəaliyyətini dayandırmışdı. Yanvarın 25-dən etibarən isə bu mədəniyyət ocaqları qapılarını ziyarətçilərin üzünə açıq elan etdi. Maraqlıdır, muzeylərə maraq nə dərəcədədir? Vətəndaşlar pandemiya dövründə muzeylərə gedirlərmi?
Bu suallara cavab tapmaq üçün yolumuzu tarix və mədəniyyətimizi özündə birləşdirən muzeylərdən saldıq. İlk dayanacağımız Azərbaycan Milli İncəsənət Muzeyidir.
Muzey 19-cu əsrdə inşa edilən "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binalarında yerləşir. Muzeyə hazırda əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev rəhbərlik edir.
COVID-19 təhlükəsini nəzərə alaraq, girişdə yoxlanışdan keçib muzeyə daxil olduq. Vaxt itirmədən ekskursiyaya başladıq. İlk onu qeyd etməliyəm ki, Milli İncəsənət Muzeyi eksponatlarının dəyəri və zənginliyi baxımından dünya miqyasında olan nüfuzlu muzeylərdən biridir. Burada daim Türkiyə, İran, Fransa, Yaponiya, Çin, Orta Asiya və digər xalqların incəsənətinə həsr edilmiş beynəlxalq sərgilər keçirilir.
Muzeydə 18000-dən artıq eksponat saxlanılır. Muzey milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə toplayır.
Pandemiya dövrü olmasına baxmayaq, muzey bu müddət ərzində çalışıb, yeni layihələr hazırlayıb.
Bizi müşayiət edən muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva deyir ki, sərt karantin rejimində muzey onlayn fəaliyyət göstərib. Onun sözlərinə görə, ölkəmizdə muzeylərə maraq o qədər də böyük olmasa da ötən müddət ərzində muzeyə marağın 3 qat artdığı müşahidə edilib:
“Sosial şəbəkələrdə və muzeyin rəsmi saytında fəaliyyətimizi davam etdirirdik. Bu, izləyicilərimizin sayında da öz əksini tapmışdı. Yeni layihələr hazırladıq və muzeyə gələn bilməyənlərin onlayn ziyarəti təşkil edildi. Paralel olaraq karantin rejimi yumşaldığı üçün açılışla əlaqədar mühazirələr hazırlamışıq. Bu yaxınlarda Qazaxıstan diyarşünaslıq muzeyi ilə pandemiya ilə əlaqədar onlayn sərgi keçiriləcək. Həm Qazaxıstan, həm də Azərbaycan rəssamlarının birgə sərgisi olacaq.
Eyni zamanda pandemiya müddətində birinci Qarabağ müharibəsi zamanı xilas olumuş Cəbrayıl Tarix Diyarşünaslıq muzeyinin əsərlərindən ibarət sərgi keçirildi. Bu sərgi virtual surətdə yayımlandı. Sərgi hazırda davam etməkdədir, ziyarətçilər gəlib, baxa bilərlər”.
Rəfiqə Quliyeva qeyd edir ki, hər zaman uşaqları diqqət mərkəzində saxlayırlar. Muzey azyaşlı ziyarətçilər üçün həm tematik, həm də interaktiv ekskursiyalar hazırlayır: “Hazırda iki layihəmiz var, bunlar həm maarifləndirici, həm də əyləncə xarakteri daşıyır. Layihələrdən biri "Azərbaycan mənim eşsiz yurdum" adlanır, digəri isə "Muzeyin əlifbasıdır". Burada uşaqların incəsənətlə bağlı zövqlərini inkişaf etdirəcəyik.
Həmçinin muzeydən kənar əlava olaraq məktəblərdə leksiyalar, muzeyin kolleksiyası əsasında mühaziələr təşkil olunur. Təbii ki, məktəbləri, turizm agentliklərini muzeyə cəlb etmək üçün bir sıra işlər görülür”.
Muzeydə olduğumuz saatlarda gəlib-gedən ziyarətçilər də gözümüzdən yayınmadı. Baxmayaraq ki, iki gündür muzeylər fəaliyyətini bərpa edib, ona kifayət qədər maraq müşahidə olunurdu.
Ziyarətçilərdən Nərmin Nəsirova hesab edir ki, karantin rejimində muzeylərin bağlanmasına ehtiyac yox idi: “Onsuz da muzeylərə layiq olduğu dəyər verilmir. Vaxt olduqca muzeylərə gedirəm, çox az sayda insanın gəldiyinin şahidi oluram. Bu səbəbdən də muzeylərin bağlanması qərarını gülünc hesab edirəm”.
Muzeydən aldığımız məlumata görə, təkcə bir gün ərzində 37 nəfər ziyarətçi qəbul edilib. Bu muzeyə səfər etmək istəyənlərin diqqətinə çatdırım ki, pandemiya səbəbilə həftənin bazar ertəsi-cümə günləri muzey qapıları ziyarətçilərinə açıqdır. Hər gün ən son ziyarətçi saat 17:00-da qəbul edilir ki, ən azından 1 saat muzeydə gəzmək fürsəti olsun.
İncəsənət muzeyi ilə tanış olduqdan sonra isə ölkənin ən çox ziyarətçi qəbul edən Azərbaycan Milli Xalça muzeyinə baş çəkməyi qərara aldıq. Eyni qayda ilə girişdə hərarətimizi ölçüb, əlləri dezinfeksiya etdikdən sonra içəri daxil olduq. Burada nisbətən daha çox canlanma müşahidə etdiyimizi desəm, yanılmaram.
Demək olar ki, hər il səfər etdiyim Xalça Muzeyində ən çox sevdiyim məqam xalçaların toxunma prosesini canlı izləməkdir. Buraya gələn ziyarətçilər xalçaya necə ilmə atılması, dəhnə döyülməsi, xalça xovunun kəsilməsini izləyə bilərlər.
Muzeyin adı xalça ilə əlaqədar olsa da, burada tək xalaçlar yox, dekorativ təsviri sənət növləri də mövcuddur. Muzeydə 10 mindən artıq eksponat sərgilənir. Buraya tikmə, geyim, misgərlik, zərgərlik nümunələri, xovlu, xovsuz xalça məmulatları daxildir.
Muzeyin texnologiya şöbəsində köhnə xalçaların kompazisiyası əsasında xalçalar toxunur.
Bizi müşayət edən şöbə müdiri Aygün Abbasova deyir ki, muzeydə inkluziv proqram var, görmə qabiliyyəti zəif insanlar üçün reprika xalçalar hazırlanır: “Taktik yolla xalçalara toxunub, hiss etmək olar. Ümumiyyətlə, muzeydə əlil insanlar üçün səmərələri şərait yaradılıb. Onlar maneəsiz hərəkət edib, eksponatlarla tanış ola bilərlər”.
Muzeyin birinci mərtəbədə xovsuz xalçalar, ikinci mərtəbədə xovlu xalçalar, üçüncü mərtəbədə isə müasir sənətkarlıq nümunələri yer alır. Birinci mərtəbədə xalça toxunana qədər yunun hansı mərhələlərdən keçdiyi nümayiş olunur. Burada daraq, cəhrə, təbii boyalardan istifadə üçün tablo var.
Aygün Abbasovanın sözlərinə görə, muzey mütəmadı olaraq kolleksiyalarını yeniləyir: “Şəxsi kolleksiyalarda olan xalçalar hərraca çıxarıldıqda muzey üçün satın alınır. Elə xalçalar da var ki, muzeyə hədiyyə edilib. Məsələn "Sorsor" namazlıq xalçası var. 1811-ci ilə hazırlanıb. İtaliyalı kolleksioner Elmina Bottini tərəfindən 2020-ci ildə muzeyimizə hədiyyə olunub”.
Ekskurisya zamanı öyrəndik ki, muzeyin uşaq şöbəsində inkluziv proqramlar əsasında ustad dərsləri keçirilir: “Muzeyimizdə müxtəlif şaxəli işlər gedir. Uşaq şöbəsi müxtəlif yaş hədlərinə uyğun proqramlar hazırlayır. Proqram 6-15 yaş arasında uşaqları əhatə edir. Ustad dərslərimiz həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub”.
Təkcə ötən il 123 min ziyarətçi qəbul edən xalça muzeyinə pandemiya dövründə də maraq azalmayıb. Aygün Abbasova bildirir ki, pandemiyada qapanma müddətində muzey virtual olaraq fəaliyyətini davam etdirib: “Muzeyin sosial şəbəkə hesablarında, rəsmi saytında müxtəlif sual-cavab viktorinaları təşkil edildi. Pandemiya dövründə təkcə onlayn şəkildə iki qat ziyarətçimiz oldu. Bu müddətdə virtual ziyarətçilərimiz üçün tanınmış şəxslərin simasında muzeydə ekskursiyalar təşkil edildi.
Hazırda da onlayn şəkildə tədbir keçirilir. Bu yaxınlarda “Avropa liseyi” ilə tədbir təşkil etdik. "Azərbaycan xalçalarını tanıyaq-tanıdaq" adı altında layihəmiz baş tutdu ki, şagirdlərə xalçalarımızla bağlı dərs keçdik”.
Mən qədimi ornamentləri sevən biri olduğuma görə, muzeyin hər mərtəbəsi gözümü oxşayırdı. Burada 17-18-ci əsrdən qalma xalçaları görmək olar. Muzeydə regionlarımızın xalçaları ilə yanaşı, Cənubi Azərbaycan xalçaları da nümayiş olunur.
Gəzinti zamanı öyrənmiş olduq ki, 44 günlük Vətən müharibəsi də muzeyin diqqətindən qaçmayıb. Aygün Abbasova deyir ki, muzeyin rəsmi saytında elektron xəritə hazırlanıb və bu xəritədə regionlarımızın xalçaları təsvir edilib: “Bu il çətin il olsa da bizim üçün qələbə ilə bitdi. Pandemiya vaxtı nə qədər ruh düşkünlüyü yaşasaq da, qələbə sayəsində çox sevindik. Müharibə gedən dövrdə elektron xəritə hazırladıq. Torpaqlarımız işğaldan azad olunduqca, həmin xalçalar xəritədə rənglənirdi. Şuşa alındığı zaman isə xəritədə bütün xalçalar rəngli şəkildə əks olundu.
Qələbə qazandıqdan sonra köynəklər üzərində region xalçaları əks olunaraq, videoroliklər hazırlandı”.
Məni ən çox sevindirən isə Xalça Muzeyimizin Şuşada fəaliyyət göstərəcəyi ilə bağlı xəbər oldu. Şuşa işğal olunduğu zaman Səməd bəy Mehmandarovun malikanəsində yer alan 246 eksponatdan 186-nı xilas edilib. Aygün Abbasova deyir ki, çox qısa zaman ərzində həmin xalçalar öz yerinə qaytarılacaq: “Artıq Şuşada xalça muzeyimiz fəaliyyət göstərəcək, hazırlıq işləri aparırıq. Oradakı turistlərə xalça mədəniyyətimiz çox geniş təbliğ olunacaq”.
Ümumiyyətlə, muzeydə Qarabağın xalça mədəniyyətinə geniş yer ayrılıb. Ən çox diqqətimi çəkən muzeydə hazırlanmış Qarabağ otağı oldu. Burada Çələbi kompozisiyasından isti ev mühiti yaradılıb. Otaqda yemək masasından, televizor stendinə qədər hər detal xüsusi incəliklə hazırlanıb. Öyrənmiş olduq ki, hazırlanmış bu otaq bir neçə sərgidə nümayiş olunub.
Bu ilin Nizami ili elan edilməsi ilə əlaqədar da muzeydə proyektlər hazırlanmaqdadır.
Muzeyə ziyarət edənlərdən Samir Aslanov bizimlə təəssüratlarını bölüşdü. O hesab edir ki, muzeylərin fəaliyyətini bərpa etməsi mənəvi tərəfdən təqdirəlayiqdir: “İnsanlar muzeylərə gələrək maddi və mənəvi irslə tanış ola bilirlər. Muzeylərin açılması gülüşlə qarışılanmamalıdır. Muzeylər o qədər də kütləvi ziyarət olunmadığı üçün onun bağlanmasını düzgün hesab etmirəm. Müəyyən qaydalara riayət edərək, gəlib-gedə bilərdilər. Özüm ildə iki-üç dəfə muzeyləri ziyarət edirəm”.
Qeyd edim ki, səfər etdiyimiz gün ərzində buraya 59 ziyarətçinin gəlişi qeydə alınıb.
Hər iki muzeydən ayrıldıqdan sonra belə qənaətə gəldim ki, sosial şəbəkələrdə hər yazılana inanmaq olmaz. Muzeylərin açılmasına sevinib buraya gələn, vaxtını səmərəli dəyərləndirənlər kifayət qədərdir.
Foto: Pərviz Həşimi