Qəbul imtahanlarının nəticələrinin təhlili aparılıb. 2020-ci ilin nəticələri ilə 2019-cu ilin nəticələri arasında demək olar ki, fərq yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2020-ci ildə qəbul proqramında dəyişikliklər aparılaraq, ikinci yarımıl dərsləri proqramdan xaric edilib: "Bu barədə "Abituriyent" jurnalının xüsusi buraxılışında detallı qeyd olunub.
Müəyyən çətin mövzular, namizədlərin çətinlik çəkdiyi suallarının azaldılması, təqdim formasının dəyişdirilməsini nəzərə almışdıq. Bizdə yazılı cavablarla suallar nəzərdə tutulmuşdusa, ola bilər ki, bu dəfə kodlaşdırma tələb edən qapalı suallar artırılsın.
Ötən ilki imtahan nəticələri və qəbul planının dolması 2019-cu illə eyni səviyyədə oldu. Ötənilki təcrübəmiz bu ilki imtahanlarda nəzərə alınacaq".