1 Fevral 2021 20:43
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksinasiyanın bölgüsündə yaranmış gərginliyin səbəbi ədalətsizlikdir, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Bu fakt özlüyündə çox narahatedicidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqalın səbəblərindən danışan dövlətimizin başçısı deyib: “Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır”.

Prezident qeyd edib ki, hətta ondan sonra bəzi embarqolar da qoyuldu. “Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarına sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırdığını vurğulayan Prezident İlham Əliyev deyib: “Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər