Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhəyanı rayonlara səfər edən jurnalistlər bu gün Qazax rayonu Aslanbəyli kənd orta məktəbində olublar.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, bu məktəbdə 44 müəllim çalışır. Onların arasında Ağstafadan gəlib təyinatla burada çalışan üç müəllim də var. Bu məktəbdə təhsil alan şagirdlər hərbi dərslərini məhz hərbi geyimdə keçirlər.
Sonra Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və jurnalistlər şagirdlərin dərs proseslərini izləyiblər.
Məktəbin direktoru Dilqəm Məmmədov dərs prosesi və digər məslələrlə bağlı jurnalistlərə ətraflı məlumat verib. O, məktəbin Ermənistanla təmas xəttinin üç kilometrliyində yerləşdiyini qeyd edərək Aslanbəyli məktəbində təhsil alan 30-a yaxın şəxsin Qarabağ müharibəsi zamanı şəhid olduğunu deyib:
“Amma Məktəbin cəbhə xəttinə yaxın yerləşməsi bizi qəti narahat etmir. Dərs zamanı mütəmadi atışmalar olur. Buna baxmayaraq biz yenə də öz işimizi sevə-sevə davam etdiririk”.
Direktor ötən il məzunlardan 9 nəfərinin ali məktəblərə qəbul olunduğunu bildirib. O, məzunların 594-dən yüksək bal topladığını qeyd edib.
İlhamə