“Prezidentin bu gün imzaladığı Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edildi. Növbəti 10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunan ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat diqqətçəkən əsas məqamlardan birinin iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsi olduğunu bildirib:
“Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara uyğun olaraq ümumi dəyərdə innovativ payın daha artırılmasına nail olmaq əsas hədəflərdəndir.
Ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların qayıdışının təmin olunmasıdır. Növbəti dövr eyni zamanda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq".