2 Fevral 2021 18:53
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Fevral - Gənclər günü ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Gənclər və İdman Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə əvvəlcə 2020-ci ildə görülmüş işləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclərə təbrik və müraciətlərindən ibarət videoçarx təqdim olunub.

Tədbir çərçivəsində, hər il olduğu kimi bu il də nazirliyin ötən 2020-ci ildə mədəniyyət, elm, təhsil, rəssamlıq, bəstəkarlıq, foto, memarlıq və ictimai sahələrdə 62 fəal gənc və gənclər təşkilatlarına nazirliyin pul mükafatı və diplomları təqdim olunub.

Daha sonra qeyd olunub ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan gəncliyi” Dövlət Proqramına müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin tabeliyində 12 Gənclər Evi fəaliyyətə başlayıb. 2020-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə əlavə 15 Gənclər Evi nazirliyin tabeliyinə verilib. Mövcud Gənclər evlərindən 19-u aktiv fəaliyyət göstərir, digər 8-i isə cari ildə müvafiq sənədləşmə işlərinin bitməsindən sonra fəaliyyətə başlayacaq.

Ötən il Gənclər Evləri 1851 tədbir keçirib ki, onlardan 470-i vətənpərvərlik sahəsində, 205-i isə COVİD-19 pandemiyası ilə bağlı olub. Ümumilikdə, 112 835 gənc “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən keçirilən tədbirlədə iştirak edib.

2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl 2021-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı seçilib.

Daha sonra zoom proqramı üzərindən 2 fevral - Gənclər gününə gəsr olunmuş toplantısı keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər