7 Fevral 2021 17:09
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.

Tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib.

Tədbir iştirakçıları görüş zamanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar: “Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, mübarizlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib”.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”.

Ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlərə dünən rayonun bir sıra müəssisələrində və digər idarələrdə start verilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər