24 Oktyabr 2014 20:02
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mehriban xanım Əliyeva Nobel Sülh Mükafatını artıqlaması ilə haqq edən bir xanımdır. Hesab edirəm ki, ölkəmizdə Nobel Sülh Mükafatına ən layiqli namizəd Mehriban xanımdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva Nobel Sülh Mükafatının Azərbaycan və bəşəriyyət üçün gördüyü işlərə görə ölkənin birinci xanımı Mehriban Əliyevaya verilməsi təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkənin birinci xanımı bütün fəaliyyəti ilə həm Qərbdə, həm də Şərqdə çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çoxlu sayda yüksək mükafatlara layiq görülüb: “Mehriban xanım bir çox böyük beynəlxalq təşkilatların ödülünü alan, fəaliyyəti ilə dünya səviyyəsində qəbul olunan şəxsiyyətdir, lider qadındır. O, ən yüksək mükafatlara layiq olan bir insandır. Bu gün dünyanı ən çox narahat edən məsələlərdən biri mədəniyyətlər və sivilizasiyalararası dialoqla bağlıdır. Mehriban xanımın beynəlxalq səviyyədə gördüyü işlər hər kəs - həm müsəlmanlar, həm xristianlar, bütün dini icmalar tərəfindən yüksək qiymətləndirilir. Dünyanı və Avropanı narahat edən mövzulardan biri ksenefobiya, rasizmin, dözümsüzlüyün artmasıdır. Elə bu səbəbdən mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsi daha çox gündəmə gətirilir. Mehriban xanımın bu sahədə fəaliyyəti bütün beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən çox təqdirlə qarşılanır”.

Q.Paşayeva vurğulayıb ki, Azərbaycanın birinci xanımı dünyanın mədəniyyət xəzinəsinin, abidələrinin restavrasiyası, qorunması sahəsində gördüyü işlər, bir çox bölgələrdə həyata keçirdiyi humanitar layihələr, ağır regionlarda qızların təhsilinə verdiyi dəstək layihələri ilə bütün beynəlxalq mükafatlara layiq olan dəyərli qadındır: “Biz hamımız Mehriban xanımla fəxr edirik. Dünyanın hansı tərəfinə getsək, onun haqqında eşitdiyimiz gözəl fikirlərlə hamımız qürur duyuruq. Çünki Mehriban xanım təkcə Azərbaycan deyil, dünya qadınları üçün ən gözəl örnəklərin başında durur. O, islam dünyasını əhatə edən İSESKO təşkilatının, eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiridir. Şərqlə Qərbi birləşdirən iki böyük təşkilatın, eyni zamanda, xoşməramlı səfiri olan tək bir xanımdır. O, nüfuzlu mükafatlara layiq görülüb. Nobel Sülh Mükafatını artıqlaması ilə haqq edən bir xanımdır. Biz Nobel Sülh Mükafatının Azərbaycan və bəşəriyyət üçün gördüyü işlərə görə ölkənin birinci xanımı Mehriban Əliyevaya verilməsi təklifini böyük məmnuniyyətlə dəstəkləyirik”.

Xatırladaq ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı mətbuatda “Azərbaycanı görün...” adlı geniş məqalə ilə çıxış edib.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nobel Sülh Mükafatına ən layiqli namizəd olması qeyd olunur.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər