11 Fevral 2021 10:34
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur.

Bununla bağlı ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri həyata keçirilir.

Məlumat üçün bildirək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə isə 1 845 nəfər təhsil alır.

Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər