Zeynab Kazımova: "KİV-in bütün sahələrində çalışmağım uğurlarıma qapı açıb"
İlin əvvəlində Azərbaycan Dillər Universiteti (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin yaradılmasının beş illiyini qeyd etdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu tədbirdə ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanı təmsil etdiyi ali məktəbin "görən gözü, danışan dili" adlandıraraq onu uğurlu kadr hesab etdiyini bildirmişdi. Hazırda ADU-da Mətbuat xidmətini İctimaiyyətlə əlaqələr departamenti əvəz edir. Departamentin fəaliyyətində hansı dəyişiklər olub? Departamentin rəhbəri Zeynab Kazımova ilə söhbət edib, onun iş təcrübəsi və hazırkı fəaliyyəti ilə maraqlandıq.
"Elmi işim Qarabağ münaqişəsi ilə bağlı olub"
Zeynab Kazımova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə təhsil alıb. Magistr təhsilini BDU-da Beynəlxalq Jurnalistika ixtisası üzrə bitirib. Elmi fəaliyyətini Bakı Slavyan Universitetində davam etdirib. 2005-ci ildən BSU-da elmi işçi vəzifəsində çalışmaqla yanaşı, dissertanturada təhsil alıb. Elmi işi Fransa mətbuatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub: "Jurnalist kimi isə fəaliyyətimə 1996-cı ildə 2-ci kursda oxuyarkən başladım. Həmin vaxt Azərbaycan Dövlət Radiosunun İqtisadiyyat şöbəsində reportyor kimi çalışırdım. İlk sujetim Xalça sexindən reportaj olmuşdu. Həmin ilin yayında bizi universitetdən təcrübəyə göndərdilər. Mən isə doğulduğum və böyüdüyüm Qazax rayonuna göndərildim. Qazaxdakı yerli radioda bir aydan çox işlədim. Orada həm xəbərləri oxuyurdum, həm də sujetlər hazırlayırdım. O zaman tələbə gənc jurnalist qızın yerli radioya gəlməyi oradakı dörd nəfərlik kollektivi çox sevindirdi. Onlar mənə böyük diqqət və qayğı göstərdilər".
KİV-in bütün sahələrində işləyən mətbuat katibi
Zeynab xanım hesab edir ki, KİV-in bütün sahələrində çalışması ona jurnalistikanın bütün istiqamətlərində müəyyən təcrübə qazanmağa imkan verib: "Fəaliyyətim radiodan başlasa da, sonra uzun müddət müxtəlif qəzetlərdə, hətta jurnalda da işlədim. "Azərbaycan", "Şərq", "Etimad", "525-ci qəzet", "Faktor", fransızdilli "Az-Media" qəzetlərində müxbir kimi fəaliyyət göstərmişəm və ya adıçəkilən qəzetlərdə müxtəlif vaxtlarda yazılarım dərc olunub. 2002-ci ildə həmin dövrdə Azərbaycanda yeni olan və ilk fransızdilli qəzet "Az-Media"da müxbir işləməyə başladım. Bu, mənim məhz beynəlxalq jurnalistika istiqaməti üzrə addımlamağıma, özümü təsdiq etməyimə vasitə oldu. Belə ki, uzun dövr mətbuatda çalışmağıma baxmayaraq, "Az-Media"ya qədər özümü məhdud çərçivədə olan jurnalist hesab edirdim. Fransa səfirliyinin dəstəyi ilə çıxan və bilavasitə ölkəmizə gələn fransızlarla ünsiyyət imkanı yaradan bu qəzetin mənim jurnalist fəaliyyətimdə böyük rolu olub. 2007-ci ildə "Az-Media" qəzeti fəaliyyətini dayandırdıqdan sonra "Le Carrefour" (Yol qovşağı) adlı qəzeti təsis etdim. Bu gün "Le Carrefour" Azərbaycanda yeganə fransızdilli qəzetdir. "Le Carrefour" qəzetinin baş redaktoru kimi ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşüm məni Dillər Universitetinə gətirdi. 2008-ci ilin sonundan o , ADU-da İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsini yaratdı və məni həmin şöbəyə dəvət etdi. Eyni zamanda, universitetin rəsmi mətbu orqanı olan "Poliqlot" qəzetinin baş redaktoruyam".
"Bəzi universitetlər bizdən nümunə götürdü..."
ADU-nun mətbuat xidmətinin uğurlarına gəlincə Z.Kazımova bildirdi ki, bu, fəaliyyətin düzgün istiqamətdə qurması ilə bağlıdır: "Əgər müəssisə rəhbəri media ilə, mətbuatla, jurnalistlərlə açıq təmasdan qaçmırsa, KİV nümayəndələrinin işləməsi üçün hər zaman şərait yaradırsa, o zaman mətbuat xidmətinin də işi yüngülləşir. Mən də məhz belə bir mühitdə, belə bir şəraitdə öz fəaliyyətimə başlamışam. Bu gün də Azərbaycan Dillər Universiteti KİV üçün, jurnalistlər üçün açıq bir müəssisədir, bir universitetdir. Təbii ki, burada mənim məhz mediadan bu vəzifəyə gəlməyim kiçik də olsa, rol oynayır. Məhz Səməd Seyidovun təyinatından sonra bəzi ali təhsil müəssisələri bu yolu seçərək jurnalist ixtisaslı kadrları mətbuat şöbəsinə təyin etdilər".
Azərbaycan Mətbuat Şurasına üzv olan ilk universitet nəşri - "Poliqlot"dan danışan Z.Kazımova bu qəzetdə universitet üzrə rəsmi xəbər və tədbirlərin işıqlandırıldığını, həm də tələbələrin yaradıcılıqlarının əksini tapdığını deyib.
"Bəzən jurnalistlər arasında bu fikir səslənir: Azərbaycanda mətbuat xidmətləri təmsil etdiyi qurumlarla mətbuat arasında inzibatçı rolunu oynayır. Siz necə hesab edirsiniz?" sualımıza həmsöhbətimiz cavab verdi ki, mətbuat xidməti struktur olaraq inzibati xarakter daşıya bilər, lakin onun işi inzibatçı yox, vasitəçi olmaq, təmsil etdiyi qurumla KİV arasında əlaqəni ən yüksək səviyyədə qurmaqdır: "Hətta deyə bilərəm ki, bu, ikitərəfli təmsilçilikdir. Bir tərəfdən Mətbuat xidməti təmsil etdiyi qurumun tərəfində durur, digər tərəfdən isə jurnalistlərin "tərəfini saxlayır". Çünki biz yeri gələndə təmsil etdiyimiz qurumun sözünü deyirik, onun maraqlarına xidmət edirik, bununla yanaşı, həm də jurnalistlərin sözünü çatdırırıq, onları əlaqələndiririk, sorğularını cavablandırırıq, tədbirlər zamanı onlara lazım olan bütün materialları təqdim edirik".
"Ali məktəblər arasında ilk olduq..."
Z.Kazımova onu da bildirdi ki, mətbuat xidmətinin 5 illik yubileyi ərəfəsində bu şöbəyə "Departament" statusu verildi: "Universitet rəhbərliyinin qayğısı, həmçinin universitetdə aparılan islahatların nəticəsi olaraq bizim xidmətin 5 illik yubileyi ərəfəsində bizə "Departament" statusu verildi. Bu, ali təhsil müəssisələri içərisində yenə də ilk addım oldu. Təbii ki, bu, bizim xidmətin əməkdaşlarının əməkhaqqına da təsirsiz ötüşmədi. Departamentdə Protokol xidməti, Mətbuat xidməti və "Poliqlot" qəzeti redaksiyası formalaşıb. Düşünürəm ki, bu status özü ADU-da mətbuata verilən dəyərin, universitet rəhbərliyinin qayğısının bariz təzahürüdür".
Sevil HİLALQIZI