25 Oktyabr 2014 11:55
3 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Pirallahı rayonundakı 168 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları iştirak etmiş, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı davranış qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar etmişlər.

Çıxışlardan sonra FHN-in fəaliyyət istiqamətləri və strukturu, eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş etdirilib.

Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Belə ki, şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilib. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb.

FHN-in qurumlarının xilasetmə texnika və avadanlıqlarının nümayiş olunduğu praktik hissə zamanı “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Sonda məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu kinoloqların xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər