AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “AZCOSMETICS GROUP” MMC Azərbaycan məhsulu olan saç boyalarının istehsalını həyata keçirəcək.
Teleqraf.com-un məlumatına görə, bunu MMC-nin direktoru Ulduza Xanlarova deyib.
Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, bu boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.
Direktor qeyd edib ki, yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoymuş şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır.
U.Xanlarova əlavə edib ki, ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalan yağından istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.
U.Xanlarova YT Parkda müəssisənin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin görüldüyünü, avadanlıqlar və xammalın satıcısı olan şirkətlərlə ilkin danışıqların aparıldığını və müəyyən razılıqların əldə edildiyini vurğulayıb.