19 Fevral 2021 09:41
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.

İddia olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir.

Teleqraf.com-un məumatına görə, bunu agentliyin mətbuat katibi Aysel Fərziyeva deyib.

Onun sözlərinə görə, ötən ilin 18 avqust tarixindən etibarən Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər heyata keçirilir.

AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56388 monitorinq keçirilib, sözügedən müəssisələrdə marifləndirmə (izahedici) və nəzarət tədbirləri aparılıb. Ölkə üzrə fəaliyyət göstərən 11086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub. Sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilərək ümumilikdə TV və radio vasitəsi ilə 382 çıxış, sosial şəbəkə hesablarında 589 paylaşım, tələblərə dair 100 multimedia materialı hazırlanaraq ictimaiyyətə təqdim edilib. Eləcə də, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 70 adda poster hazırlanaraq respublika üzrə 11 mindən çox ictimai iaşə müəssisəsində yerləşdirilməsi təmin olunub.

Lakin görülən bütün tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur. Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlararası tələblərin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında 6 nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb. Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yalnız qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilir. Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir:

"Nəzərə almaq lazımdır ki, pandemiya şəraiti bütün sahələrə təsirsiz ötüşməyib, sərt karantin rejimi dövründə hətta kafe və restoranların fəaliyyəti bir müddət məhdudlaşdırılıb. AQTA və aidiyyəti qurumların həyata keçirdiyi reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır. İctimai iaşə müəssisələri insanların sıx toplaşdığı yerlər olduğundan belə məkanlarda qaydalara əməl edilməməsinin virusun yayılma intensivliyinə birbaşa təsir göstərdiyini nəzərə alaraq sahibkarlar öz məsuliyyətlərini dərk etməli, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.

Onu da qeyd edim ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər