Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.
Teleqraf.com xəbər verir ki, forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər.
İkitərəfli müzakirə və görüşlərdən sonra hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.
Biznes forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri, Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva Türkiyənin Uluslararası Yatırım ve İş Konfederasyonu ilə birgə sənəd imzalayıblar.
İmzalanan memorandum iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Sözügedən əməkdaşlıq çərçivəsində gələcəkdə hər iki ölkənin biznes qurumları iqtisadi əlaqələrin inkişafında rol oynayacaqlar.
Səkinə Babayeva, həmçinin Bakı Tekstil Fabriki MMC-nin rəhbəri kimi Türkiyədə fəaliyyət göstərən Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD ilə əməkdaşlıq müqaviləsi imzalayıb.