24 Fevral 2021 14:10
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bütün dünyada intihar, xüsusilə də uşaqlar və gənclər arasında özünəqəsd hallarının daha çox baş verməsi narahatedicidir. İnsanlar psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin nəticəsində özünə qəsd edirlər. Mütəxəssislər 10-11 yaşlı uşaqların hələ ölümlə-həyatı bir-birindən tam ayıra bilmədiyini söyləyir. Bu yaşda uşaqlar iki anlayışın sərhədlərini müəyyən etmək qabiliyyətində deyil. Onlar ölümü tam mənası ilə dərk etmirlər. Ona görə də bəzən ətrafındakıların diqqətini cəlb etmək üçün intihara əl atırlar. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda, birmənalı şəkildə, ölümə cəhd etmək kimi qiymətləndirilmir. Əksər hallarda, 13 yaşına qədər olan uşaqların özünəqəsdə əl atmasının əsas səbəbi yaxınlarının ona hansı hislər bəslədiklərini bilmək marağıdır. Valideyni tərəfindən aldığı hansısa bir kiçik töhmətə görə uşaq yalnız anasını qorxutmaq və ya azacıq cəzalandırmaq naminə atdığı addımın sonunun nə ilə bitəcəyini dərk etməyərək, intihara əl ata bilər. Buna görə də uşaqlara qarşı davranışlarda həmişə çox ehtiyatlı olmaq lazımdır.

Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, bu yaşa qədər olan uşaqların intiharının digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur:

“14 yaşda isə intihara cəhdin səbəbləri dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hislərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil. Burada eyni zamanda internet resurslarının "rolu" da qeyd olunmalıdır. Xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır. Hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərlə mübarizə apara bilməyən, həyatının belə davam edəcəyindən qorxanlara ölüm ən asan çıxış yolu kimi görünür. Yuxarı yaş qruplarında isə intiharın səbəbləri ailə münaqişəsi, qısqanclıq, məişət zorakılığı, sosial və maddi çətinliklər, ruhi, sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Ona görə də məktəb psixoloqunun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir. Çünki onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir”.

Aynur Sofiyeva bildirib ki, Dövlət Komitəsi mütəmadi olaraq intihara səbəb ola biləcək problemlərin aradan qaldırılması məqsədilə yeniyetmələrin, valideynlərin iştirakı ilə maarifləndirici tədbirlər keçirir:

”Komitə tərəfindən sosial çarxlar, elektron materiallar hazırlanaraq Kütləvi İnformasiya Vasitələrində və ictimai nəqliyyatda yayımlanır. Komitənin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə maarifləndirmə tədbirləri keçirilir. Daha çox insanı əhatə etmək üçün vasitə və mexanizmlər seçilir.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qəbul edilib. Komitənin təşəbbüsü ilə zorakılıq probleminin dərindən öyrənilməsi, onunla mübarizə üçün rayon icra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb. Məişət zorakılığına qarşı normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması məqsədilə addımlar atılıb. Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. Bu Proqram Prezidentin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib”.

Komitə təmsilçisi əlavə edib ki, intihar hallarının azalması üçün maarifləndirmə tədbirləri və hüquqi sənədlərin hazırlanmasına dəstək göstərilməsi ilə yanaşı, psixoloji məsləhət xidməti inkişaf etdirilir:

“İnsanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi həyata keçirilir. Bu məqsədlə Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə 860 qaynar xətti fəaliyyətə başlayıb”.


Müəllif: Tapdıq Qurbanlı