Vətən Müharibəsi iştirakçısı, mayor Ziya Kazımov ev dustaqlığına buraxılıb.
Teleqraf.com-un məlumatına görə, zabitin həbsdən buraxılması ilə bağlı onun vəkili Bəhruz Bayramov feysbuk hesabında paylaşım edib.
Vəkil bildirib ki, Ziya Kazımov həbsdən çıxanda ilk olaraq əsgərlərini soruşub:
"1 saylı İstintaq Təcridxanasına gedərək Ziya Kazımovu gətirməyə qərar verdik. Bəzi prosedur qaydalar həyata keçiriləndən sonra Ziya Kazımov təcridxanadan buraxıldı. Ziya 3 aydır ailəsi ilə əlaqə saxlaya bilmir, telefon qadağası var idi. Biz elə fikirləşirdik ki, ilk sualı ailəsinin vəziyyəti haqqında verəcək. Amma biz yanılmışdıq. Çıxandan sonra ilk sualı bu oldu: görəsən, mənim hərbi hissəm hardadır, zabitlərim və əsgərlərim harda xidmət edir?"
Müdafiəçisinin vəsatəti əsasında Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyyə edilib. Mayor Z.Kazımov 9 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs olunub.