Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.
Bununla əlaqədar bildiririk ki, FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 520-dək şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.
Teleqraf.com xəbər verir ki, sabahdan etibarən Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.
Qeyd edək ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.