Həqiqət Tağıyeva: "Kanalizasiya suları evimizə dolub, döşəməmizi çürüdüb"
Maştağa qəsəbəsində Savalan massivinin bir qrup sakini redaksiyaya məktubla müraciət ediblər. Sakinlər Zülfiyyə Məmmədova, Orxan Kamalov, Elçin Məmmədov, Xalid Cavadov, Zəhra Əliyeva, Rəhilə Talıbova, Mətləb Tağıyevin (cəmi 30 nəfər) imzaladığı məktubda Savalan yaşayış massivində əhalinin gün-gündən artdığı vurğulanır.
Bu, tullantı sularının çoxalmasına səbəb olur, çünki ərazidə kanalizasiya sistemi yoxdur: "Yağıntıların çoxaldığı yaz-payız aylarında tullantı suları yağış sularına qarışıb çirkab gölməçələri əmələ gətirir, evlərimiz nəmişlik və rütubət içində olur. Ona görə də massivdə xəstəliklər baş alıb gedir. Bu vəziyyət yay aylarında antisanitariya, üfunət yaradaraq sanitar-gigiyenik baxımdan vəziyyətimizi daha da çətinləşdirir. Yay aylarında ağcaqanad və digər həşəratlar daha da artır. Tullantı sularının həcmi artdıqca, evlərdə qəza vəziyyəti və torpaqların sürüşmə riski güclənir".
Qeyd edək ki, məktub ilk olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanlanıb.
Məktubda daha sonra bildirilir ki, ötən ilin dekabrında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair ASC sədri də hesabat xarakterli çıxış edib: "Görülən təbirlər bizi sevindirir və bu tədbirlərin Savalan yaşayış massivində də həyata keçiriləcəyini böyük ümidlə gözləyirik. Odur ki, dözülməz durumumuzu nəzərə alıb Savalan yaşayış massivinə kanalizasiya xəttinin çəkilməsinə kömək göstərmənizi xahiş edirik".
Məsələ ilə əlaqədar yaşayış massivində biz də olduq. Savalanın yuxarı hissəsindən keçən suvarma kanalının ətrafı zir-zibillə dolub, kanalın başlanğıcında hətta tullantılar tıxac yaradıb, suyun üzərinə toplanıb. Suvarma məqsədilə boru vasitəsilə kanala axıdılan sular çirkab suya qarışır. Görəsən, bu sulardan kənd təsərrüfatında istifadə etmək nə dərəcədə doğrudur?
Dolub-daşan kanalizasiya quyuları ətrafda gölməçə və xoşagəlməz qoxu yaradıb. Zülfiyyə Məmmədova bildirdi ki, onlara məxsus kanalizasiya quyusu tez-tez dolur və hər dəfə quyunu xüsusi texnika ilə boşaltdırmaq onlara baha başa gəlir: "Hər dəfə "şambo"nun boşaldılmasına çəkdiyimiz xərci toplasaq, nə qədər pul edir. Bu pulu sakinlər kanalizasiya xəttinin çəkilməsinə sərf etməyə hazırdır. Təki bizə dəstək verən olsun!"
Asif Məmmədov dedi ki, kanalizasiya xəttinin olmaması üzündən ərazidə əkilən ağaclar da quruyur: "Özünüz də görürsünüz, torpaqlar necə şorandır. Başqa ərazidən nə qədər torpaq gətirsək də, faydası olmur. Qrunt suları üzə çıxır, əkin üçün olan torpaqlar yararsız vəziyyətə düşür".
Mətləb Tağıyev isə bildirdi ki, yaşayış massivinin yuxarı hissəsində kanalizasiya sularının sorulması üçün nasosxana inşa olunub: "Bildiyimə görə, bu nasosxana gün-gündən artan qrunt sularını sormaq üçün inşa edilib. Amma bunun üçün əlavə işlərin görülməsinə ehtiyac var. Təklif edilmişdi ki, bu məqsədlə istifadəsiz olan qaz xətlərindən istifadə olunsun, amma nədənsə bu da mümkün olmadı".
Həqiqət Tağıyeva bildirdi ki, ötən il qrunt suları evlərinin döşəməsini yararsız vəziyyətə salıb: "Zirzəmimiz su içindədir. Hansısa bir idarədən gəlib qeydiyyat da apardılar. Məcbur olub döşəməni sökdük. İndi məsləhət biliblər ki, döşəməni 70 santimetr yuxarı qaldıraq, çünki başqa çarəmiz qalmayıb".
Sakinlər bildirdilər ki, "Azərsu" ASC-yə ünvanladıqları məktub 18 mart 2015-ci 21/66 adı ilə qeydiyyatdan keçib: "Azərsu"dan bizə bildirildi ki, məktubunuz Əsaslı Tikinti Departamentinin rəisi Arzuman Abbasovun nəzarətinə verilib. O isə məktubu icra üçün "Azərsu" ASC-nin texniki təchizat şöbəsinin rəis müavini Bahadır Kəngərliyə həvalə edib. Ötən həftə bizə qurumdan 4316339 nömrəli telefonla əlaqə saxlamaq tövsiyə olundu, amma nədənsə zənglərimizə cavab ala bilmirik. Ümid edirik ki, müraciətimiz bu dəfə cavabsız qoyulmayacaq".
Məsələ ilə əlaqədar "Azərsu" ASC-yə müraciət etdik. ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məktub araşdırılacaq, sakinlərə və qəzetimizə bununla bağlı müvafiq cavab veriləcək.
Sevil HİLALQIZI