“1806-cı ilin iyulunda Qafqazdakı 17-ci yeger alayının komandiri polkovnik-leytenant Lisaneviç və mayor Curayevin (erməni) komandası altındakı kazaklar 35 nəfər kişi və qadın xidmətçisi, bir xanımı və üç azyaşlı uşağı ilə Şuşa yaxınlığındakı bağlardan birində dincələn Qarabağ hökmdarı İbrahim Xəlil Xanın düşərgəsini basıb qabaqlarına çıxan silahsız xanı və adamlarından bir neçə nəfəri öldürdülər. Çadırlarda olan hər şeyi yağmaladılar. Ermənilərdən xanın guya Qacarları Şuşaya dəvət etmək niyyəti haqda donos (Biri haqda hökumət idarələrinə verilən gizli məlumat) alan Lisaneviç heç bir təhqiqat aparmadan onu cəzalandırmaq qərarına gəlmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu öz Feysbuk hesabında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev yazıb.
Onun sözlərinə görə, məlum hadisəni araşdırmaq üçün göndərilmiş general Nebolsin Qafqazın baş hakimi qraf Qudoviçə raportunda xanın tamamilə günahsız olduğunu, Lisaneviçin səlahiyyət həddini aşdığını bildirmişdi. Amma buna baxmayaraq, qatil rus zabitinə heç bir cəza verilməmişdi:
“Aradan 19 il keçəndən sonra, 1825-ci ilin iyulunda artıq general-leytenant Lisaneviç üsyançı qumuqları cəzalandırmaq üçün Şimali Qafqazın Aksay kəndində idi. Lisaneviç Qarabağda ikən Azərbaycan dilini bir az öyrəndiyindən şübhəli bildiyi yerli sakinləri bir-bir qabağa çıxarır, küçə söyüşləri ilə təhqir edirdi.
Təhqirə məruz qalanlardan Oçar Hacı adlı bir nəfər Lisaneviç və yanında dayanmış general Qrekova xəncərlə ölümcül zərbələr endirmiş, üstünə gələn qumuq baş pristavı Filatovu ağır yaralamışdı. Bu zaman yaxınlıqdakı başqa bir pristav – qumuq əsilli mayor Musa Usmiyev qılıncını çəkib onu qətlə yetirmişdi. Rus generallarının ikisi də aldıqları yaradan ölmüşdü. Lisaneviç illər sonra haqlı cəzasını almışdı. Amma son nəfəsində kazaklara meydana yığdıqları 300 nəfərdən çox qumuğu gülləbaran etmək əmrini vermişdi. Onlardan yalnız bir neçə nəfər canını salamat qurtara bilmişdi.
Qarabağ xanının qatili Lisaneviçi öldürdüyünə görə soydaşı Oçar Hacını qılıncdan keçirən və rus komandanlığı qarşısındakı xidmətlərinə görə gələcəkdə general-mayor rütbəsinə yüksələn Musa Usmiyev sonralar İbrahim Xəlil xanın nəvəsi şairə Natəvanla evlənən knyaz Xasay xan Usmiyevin atası idi. Yəqin ki, Natəvanın taleyin bu qəribə gərdişindən heç vaxt xəbəri olmamışdı”.