3 Mart 2021 21:13
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Teleqraf.com xəbər verir ki, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə müsabiqələr keçirilib.

Bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 44 nəfər hüquqşünas dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin ediliblər.

Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlərlə bu ərəfədə şifahi imtahanlar keçiriləcəkdir.

Hakim olmaq üçün sənədlərini təqdim etmiş 230 hüquqşünasla martın 3-də test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə keçirilən imtahanda suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb.

Şəffaf keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib, habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 155 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu və müsabiqələr davamlı olaraq həyata keçiriləcəkdir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Sənədlər Komitə tərəfindən, o cümlədən elektron qaydada, sadələşdirilmiş prosedurlarla qəbul edilir (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə). Belə ki, namizədliyin qeydə alınması üçün müvafiq ərizə və aidiyyəti sənədlərin surəti [email protected] ünvanına elektron formatda, o cümlədən mobil telefonla göndərilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər