5 Mart 2021 14:37
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi xalqımızın min illər boyu davam edən qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən hesab olunur. 30 illik işğala qüdrətli Azərbaycan əsgəri düşməni darmadağın etməklə son qoydu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə əks-hücum əməliyyatı ilə 44 gündə 10 illiklər sonra belə unutmayacaq zərbə vurdu. Cənab Prezident İlham Əliyev Azərbaycanın şərəfli tarixində torpaqları işğaldan azad edən tarixi qəhrəmanlarımızla eyni cərgədə dayanır. Şah İsmayıl Xətaidən, Nadir şahdan sonra Azərbaycanın itirilmiş torpaqlarını geri qaytaran lider cənab Ali Baş Komandan İlham Əliyev olub. Sözsüz ki, onun ətrafında sıx birləşən xalq yenilməz əsgər və zabitlər millətin milli mübarizə əzmini, qürurunu bir daha özünə qaytardı. Düşmənə vurulan sarsıdıcı zərbə Azərbaycan igidlərinin qəhrəmanlığı, onların döyüşlərdə göstərdikləri rəşadət dillərə dastandır. Vətənin qəhrəman övladları sırasında Suraxanı rayon Hövsan qəsəbəsi sakinləri kapitan Musayev Səddam, onun qardaşı, müddətdən artıq hərbi xidmət keçən Musayev Hüseyn və Məcidov Məzahir də var.

Teleqraf.com-un əməkdaşları həmin qazilərin evlərində olub.

Onlarla birlikdə qazilərlə görüşdə Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da iştirak edib.

Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan qəhrəman qazilərimizin ailələrini ziyarət etmək, onların dilindən vətən torpaqlarının işğaldan azad olunması ilə bağlı həqiqətləri bir daha dinləmək insanda böyük fəxarət hisləri yaradır. 44 günlük Vətən müharibəsində iki oğulları iştirak edən Musayevlər ailəsində olduq. Döyüşlərin bütün hiss və qürurunu hələ də böyük fəxr və şövqlə danışan kapitan Musayev Səddam Azərbaycan Ordusunun düşməni az bir müddətdə darmadağın etməsindən, odlu-alovlu döyüşlərdən danışıb. Döyüşlərdə sol qolundan yaralanan kapitan Musayev Səddam Fəzail oğlu 2008-ci ildə Heydər Əliyev adına ali hərbi məktəbə daxil olduğunu, 2012-ci ildə həmin təhsil ocağını motoatıcı qoşunlar üzrə leytenanat rütbəsi ilə bitirdiyini söyləyib:

“Silahlı Qüvvələrin Təlim Tədrisi Mərkəzində bir il dinləyici zabit kimi xidmət keçdikdən sonra 2012-cü ildə hərbi xidmətimi Gəncədəki N saylı hərbi hissədə davam etdirdim. Daha sonra Ağstafa rayonundakı N saylı hərbi hissəyə göndərildim. Xidmət dövründə böyük uğurlarım oldu. 2015-ci ilin avqust ayından isə Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətimi davam etdirməyə başladım. 2016-cı il Aprel döyüşlərində Lələtəpənin düşməndən azad olunması istiqamətində gedən əməlliyatlarda iştirak etdim. Xidmət dövründə Tağım komandirindən Tabor komandiri vəzifəsinə qədər yüksəldim. 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatında taborun Qərərgah rəisi kimi döyüşlərə qatılmışam. İlk döyüş günü - ön xəttin yarılması, yəni 27 sentyabr günü boğaz nahiyəsindən qəlpə yarası aldım. Sentyabrın 29-u isə başımdan yaralandım. Oktyabrın 6-da isə növbəti dəfə kürək nahiyəmdən qəlpə dəydi. Oktyabrın 9-u daha bir qanlı döyüşümüz oldu. Düşmənlə açıq, üzbəüz döyüşdə sol qolumdan snayperlə vuruldum. Həkimlərin ilkin yardımı sayəsində qolum müayinə edildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəmi davam etdirdim”.

Qəhrəmanımız Səddamın qardaşı Musayev Hüseyn də döyüşlərə öz qardaşının komandirliyi ilə qatılıb. İki qardaş mənfur düşmənə qarşı bir səngərdə döyüşüb.

Kapitan Musayev Səddam qardaşının onun komandirliyi ilə döyüşlərə qatılmasına baxmayaraq, səngərdəki hər bir igidin onun üçün qardaş olduğunu söylədi:

“Qardaşım bir neçə dəfə yaralansa da, təkrar qanlı döyüşlərə qayıtdı. O mənim tabeçiliyimdə döyüşürdü. Qardaşımda döyüşlərin ilk günündə yaralanmışdı. İki gün müalicə aldıqdan sonra o yenidən aktiv döyüşlərə qayıtdı. Müharibə bitənə kimi qardaşım döyüşlərdə olub. Noyabr 7-də Şuşa uğrunda gedən döyüşlərdə ayaqlarından yaralanan Hüseyn zəruri tibbi yardım aldıqdan sonra hazırda Şuşada xidmətini davam etdirir.

Vətən müharibəsinə könüllü qatılan, ailəsini, xəstə atasını, iki azyaşlı körpəsini evdə qoyaraq düşməni torpaqlarımızdan qovmağa yollanan igidlərimizdən biri də Suraxanı rayon Hövsan qəsəbəsi sakini Məcidov Məzahirdir. Məzahir tankçı kimi döyüşlərin ilk günündən düşmənin keçilməz sədlərini vurub dağıtdıqlarından, müharibədə erməni əsgərinin acizliyindən, Azərbaycan əsgərinin isə heç nədən qorxmadan qanlı düyüşlərə böyük qürurla qatılmasından bəhs etdi. Qəhrəman qazimiz Məzahir Məcidov döyüşlərə Tərtər-Ağdam istiqamətində qatılmasından və müharibənin görünən-görünməyən tərəflərindən danışdı:

“Erməni əsgərinin cəsur Azərbaycan əsgəri qarşısında acizliyini gördük. Onlar sadəcə tankların hərəkətini məhdudlaşdırmaq üçün mümkün maneələr, keçilməz sədlər qurmuşdular. Amma Ordumuzun əks-hücumu qarşında düşmən dayana bilmədi. 27 sentyabrdan aktiv döyüşlərdə oldum. Düşmən tank batalyonları üz-üzə açıq döyüşlərdən yayınırdı. Sözsüz ki, müharibədir, qarşı tərəf qarşımızda aciz də olsa da, bizim də şəhidlərimiz oldu. Döyüş yoldaşım Rəsulzadə Təbrizin şəhid olması məni çox üzdü. O, igid, qorxmaz bir döyüşçü idi. Oktyabrın 23-nə - yaralandığım günə qədər döyüşlərdə oldum. Ermənilər ancaq bizim hücumumuz qarşısında qaçırdılar. Onlar bütün silahsursatlarını atıb mövqelərini tərk edirdilər. Azərbaycan Ordusundan bir nəfərdə də olsun geri qayıtmaq sözü ola bilməzdi. Bizə komandirlik edən qəhrəmanlarımız hücum taktikasını elə qurmuşdu ki, düşməni ani həmlələrdə belə cəzalandırırdıq. Bölük komandirimiz döyüşlərin ikinci günü şəhid oldu. İgidlərimiz, qardaşlarımız döyüşdə düşməni layiqli şəkildə cəzalandırdı. İndi də döyüş yoldaşlarımla əlaqələrim var. Onların bəziləri xidmətdədir. Qazi olanlar da var”.

Qəhrəman qazimiz Məzahir Məcidov aktiv döyüşlərdə olmasına baxmayaraq ailəsi ilə danışarkən bunu gizlədib. Onların həyəcan keçirməməsi üçün döyüş bölgəsindən uzaqda olduğunu deyib. Ailəsi qazimizin yaralandığını evə gələn günə qədər bilməyib. Döyüşdə belindən, gözündən qəlpə yaraları alan qəhrəmanımız alnında da hələ də mərmi qəlpəsi olduğunu bildirib.

Qazilərimiz dövlətin, yerli icra strukturlarının, millət vəkilinin müharibə dövründə, müharibədən sonra daim ailələrinə dəstək olduğunu bildirib və razılıqlarını ifadə ediblər.

Millət vəkili Sevinc Fətəliyeva Azərbaycan xalqının igid, qəhrəman övladları ilə hər zaman qürur duyduğunu, məhz onların sayəsində torpaqlarımızın azad olunduğunu deyib:

“44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmən üzərində şanlı qələbə qazandı. İllərdir beynəlxalq təşkilatların, xarici qurumların və bəzi qüvvələrin "Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edə bilməz" - kimi fikirləri alt-üst edildi. Azərbaycan öz liderinin rəhbərliyi ilə BMT qətnamələrinə istinad edərək torpaqlarını işğaldan azad etdi. Beləliklə, ölkəmiz özünün beynəlxalq səviyyədə tanınan və bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünün bərpasına nail oldu. Dövlətimizin təmsil olunduğu bütün beynəlxaq tədbirlərdə artıq ökəmizin nümayəndələri qalib kimi iştirak edir. Qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Bu qalibiyyətə görə, igidlərimizə, qəhrəmanlarımıza borcluyuq. Suraxanı rayonunda da döyüşlərin ilk günündən könüllü şəkildə ordu sıralarına yüzlərlə vətənpərvər gəncimiz qatılıb. Şəhidlərimiz, qazilərimiz var. Xalqımız bu qalibiyyətə, düşməni torpaqlarımızdan qovduğuna görə şəhidlərimizi minnətdarlıqla anır. Qazilərimizə böyük diqqət göstərir. Dövlətimiz tərəfindən qazilərin, şəhid ailələrinin sosial qayğıları ən həssas məsələ kimi qarşılanır. Milli Məclisdə də bununla bağlı işlər, yeni qanun layihələri hazırlanır. Çünki vətən yolunda sağlamlığını itirmiş, canını qurban vermiş hər bir insanın qayğıları, onların ailələrinin ehtiyacları ən yüksək səviyyədə təmin olunmalıdır. Bu gün Azərbaycan dövləti özünün ən qüdrətli və tarixdə olmayacaq qədər güclü, bütöv bir dövrünü yaşayır. Bu, bütövlük isə milli mübarizəmizdən, birliyimizdən keçib”.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da 44 günlük Vətən müharibəsində xalqımızın birliyindən, həmrəyliyindən, bütün siyasi partiyaların ümumi mövqeyindən bəhs edib:

"30 ilə yaxın davam edən erməni işğalına məhz bu birlik sayəsində son qoyuldu. Düşmən tərəf düşünürdü ki, 30 ilə yaxın zaman keçib. Artıq Azərbaycan gəncləri üçün Qarabağ o qədər də maraqlı olmaya bilər. Amma hər zaman olduğu kimi düşmən bu dəfə də yanıldı. Xalqımızın milli mübarizə tarixindən xəbəri olmayan düşmən ata-babalarımızdan bizə irs qalan qəhrəmanlıq duyğusunu nəzərə ala bilmədi. Cənab Ali Baş Komandanın vurğuladığı kimi, müstəqillik dövründə doğulanlar Şuşada yağı düşməni cəzalandırdı. Hətta əlbəyaxa döyüşlərdə belə qəhrəmanlarımız düşməni məhv etdi. Bu gün qalib bir dövlət, xalq olaraq igidlərimizə, qəhrəmanlarımıza, şəhidlərimizə borcluyuq”.


Müəllif: Tapdıq Qurbanlı